TQDK elan verdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Dövlət Sərhəd Xidməti Akademiyasının müraciətinə əsasən, həmin təhsil müəssisəsində təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edir. Komissiyanın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müsabiqədə I ixtisas qrupu üzrə test imtahanında iştirak etmiş, ümumi balı 250 və daha yüksək olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyənlər 2013-cü il iyulun 31-dən avqustun 6 - dək Dövlət Sərhəd Xidməti Akademiyasına (ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küç. 30) müraciət etməlidirlər.

Qeyd edək ki, müsabiqə nəticəsində Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olanlar mülki ali məktəblərin müsabiqəsində iştirak etmək hüququnu itirirlər.

Həmçinin TQDK Müdafiə Nazirliyinin müraciətinə əsasən, Azərbaycan Respublikasının Ali Hərbi Məktəblərinə qəbul olmaq istəyənlər üçün də müsabiqə elan edir. Müsabiqədə I, II və III ixtisas qrupları üzrə Azərbaycan bölməsində mülki ali məktəblərə keçirilən test imtahanlarında iştirak etmiş, ümumi balı 150 və daha yüksək olan Azərbaycan Respublikasının vətəndaşları ( yalnız oğlanlar) iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini 2013-cü il iyulun 31-dən avqustun 6- dək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (ünvan: Bakı şəhəri, Admiral Naximov küçəsi, 18, əlaqə telefonu: 479-78-40) təqdim etməlidirlər.

Qeyd edək ki, müsabiqə nəticəsində Ali Hərbi Məktəblərə qəbul olanlar mülki ali məktəblərin müsabiqəsində iştirak etmək hüququnu itirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə