Komissiya sədri: "Bu qəbul təhsil sahəsində sadəcə turizmdir"

Komissiya sədri: "Bu qəbul təhsil sahəsində sadəcə turizmdir"

"Rusiyadan nümunə götürmək cəhdləri yersizdir, çünki hazırda Azərbaycanda keçirilən buraxılış imtahanları çox sadə formada aparılır". SİA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib. Komissiya sədri bildirib ki, hər il Rusiyada vahid imtahan sistemində çoxlu sayda qalmaqallar yaşanır: "Buraxılış və ali məktəblərə qəbul imtahanlarının birləşdirilməsinin indi gündəmə gəlməsi düzgün deyil. Orta məktəbdə təhsilin səviyyəsinin yüksəldilməsi üçün addımlar atılır. Mərhələ-mərhələ elə səviyyəyə gəlib çata bilərik ki, müəyyən ixtisaslara attestat təqdim etməklə ali məktəbə qəbul mümkün ola bilər. Ən azı 5 ildən sonra bu, mümkün olar. Ancaq elə ixtisaslar, ali məktəblər olacaq ki, ora qəbul imtahanla olacaq".

Məleykə Abbaszadə onu da qeyd edib ki, hazırda yalnız Ukraynada attestat təqdim etməklə ali məktəblərə qəbul mümkündür və bu qəbul təhsil sahəsində sadəcə turizmdir: "Azərbaycanda məzunlar arasında oxumaq istəyi güclüdür. Lakin bəzi ölkələrdə ali məktəblərin olmasına baxmayaraq, oxumaq istəyənlər yoxdur. Ona görə də kənar ölkələrdən qəbula çalışırlar. Ukraynaya ali məktəblərə gedəndə valideynlər fikirləşməlidirlər ki, övladlarını nə üçün ora göndərirlər? Hansısa məktəbdən diplom almaq, yoxsa övladının mütəxəssis kimi yetişməsi üçün? Bu, təhsil sahəsində turizmdir".

Bütün xəbərlər Facebook səhifəmizdə