700 bal toplayan abituriyentin tək hədəfi... FOTO

700 bal toplayan abituriyentin tək hədəfi... FOTO

İyulun 14-də III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə görə 4 abituriyent maksimal nəticə əldə edərək 700 bal toplayıb. Bunu nəzərə alaraq 700 bal toplayan abituriyentlərdən birincisini - Məhəmməd İsmayılovu sizlərə təqdim edirik:

Məhəmməd Şahin oğlu İsmayılov 1995-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Nərimanov rayonundakı 258 saylı orta məktəbə daxil olub və bu il elə həmin məktəbin məzunu olub.

SİA ilə fikirlərini bölüşən abituriyent qəbul imtahanında 700 bal toplayacağını gözləmədiyini bildirib: "Sözün düzü, imtahandan çıxandan sonra özümə əminlik hissi var idi. İnanırdım ki, bu nəticəni toplaya biləcəm. Lakin nəticələri görmədən əmin ola bilməzdim. Axşam efirində nəticələrə baxdım və bütün cavabların düz olduğunu gördüm. Təbii ki, çox sevincli idim. Buna baxmayaraq, əmin olmaq üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi internet səhifəsində dərc olunan nəticələrlə tanış oldum və bundan sonra tam rahatladım".

İlk sevincini anası ilə bölüşdüyünü deyən Məhəmmədin sözlərinə görə, yaxınları, qohumları, müəllimləri də onu təbrik edənlərin sırasında olub: "İlk əvvəl insan çox sevincli olur, lakin bir neçə gündən sonra hər şeyə öyrəşirsən".

III ixtisas qrupunda Bakı şəhəri üzrə yeganə 700 bal toplayan M.İsmayılov ümumtəhsil məktəbində oxuduğu 11 il ərzində hər zaman qiymətləri ilə fərqləndiyini vurğulayıb: "Oxuduğum 11 il ərzində hər zaman biliyimə görə seçilən şagird olmuşam. Onu da qeyd etməliyəm ki, şagirdin gərək bazası da olsun. 2 illik hazırlıqla kifayətlənmək olmaz. Hazırlıqlara gəldikdə isə, şagird orta məktəbi daim yaxşı oxuyubsa, o zaman hazırlıq üçün ona 1 il də bəs edər. Keçən il 4 fəndən hazırlığa getdim, yalnız riyaziyyat qalmışdı. Bu ildən isə bütün fənlərdən hazırlaşdım".

M. İsmayılovun yeganə hədəfi isə hüquqşünas olmaqdır: "İstədiyim yalnız bir fakültə var idi: Hüquq. Bu balla da istədiyimi əldə edə bilərəm. Hazırda Azərbaycanda bakalavr təhsili almaq istəyirəm. Magistraturanı xaricdə oxumağı planlaşdırıram. Seçim etmək üçün 3 həftə vaxtım var. Fikrimdə isə Bakı Dövlət Universiteti ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyasıdır. Vaxta var, fikirləşib bir seçim edəcəm".

Biz də Məhəmmədə bundan sonrakı həyatında uğurlar arzulayırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə