Rezidenturaya sənəd vermək istəyənlər DİQQƏT

"Rezidentura” jurnalının 2-ci sayı nəşr olunub
Rezidenturaya sənəd vermək istəyənlər DİQQƏT

"Rezidenturaya sənəd qəbulu 2013-cü il avqustun 14-dən 23-dək aparılacaq". SİA-nın xəbərinə görəbu barədə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər (namizədlər) malikdirlər: "Qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılacaq. Namizəd şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və "TQDK-nın virtual ödəmə kartı"ndan (iş nömrəsindən və şifrindən) istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizerez) daxil olmalı və oradakı "Namizədin elektron ərizəsi" formasını doldurulmalıdır. Namizəd virtual ödəmə kartını internet ödəmə və ya SMS xidmətindən istifadə etməklə əldə edə bilər. Bundan sonra namizəd tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təq­dim edib "Namizədin elektron ərizəsi" formasını təsdiq etdirilməlidir (ətraflı məlumat "Rezidentura" jurnalının 2-ci sayının 4-5-ci səhifələrində və tqdk.gov.az/erizerez sə­hifə­sindəki aktual keçidlərdə verilib).

TQDK rəsmisi bildirib ki, qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək: "İmtahanın birinci mərhələsi 2013-cü il sentyabrın 9-da, ikinci mərhələsi 2013-cü il sentyabrın 10-da keçiriləcəkdir. Birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Namizədlərə hər mərhələdə ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir".

E.Nağızadə qeyd edib ki, ixtisas seçiminə imtahanda topladığı balı baza fənləri üzrə 40-dan, ixtisas fənləri üzrə isə 50-dən az olmayan namizədlər buraxılırlar: "Müsabiqədə iştirak etməyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun olaraq istədiyi ixtisasları seçir və onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləməlidir".

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən "Rezidentura" jurnalının 2-ci sayı nəşr olunub. Daha ətraflı məlumatları jurnaldan əldə edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə