“Azərbaycan-Çin arasında hərbi əməkdaşlıq” mövzusunda tədbir keçirilib

“Azərbaycan-Çin arasında hərbi əməkdaşlıq” mövzusunda tədbir keçirilib

Azərbaycan Dillər Universitetində Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan-Çin arasında hərbi əməkdaşlıq" mövzusunda tədbir keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 95-ci və Çin Xalq-Azadlıq Ordusu gününün 86-cı ildönümünə həsr olunub. Tədbirdə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin hərbi attaşesi polkovnik Liu Hong, ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, Müəllim-həmkarlar ittifaqının sədri Misgər Məmmədov, Çin dili və mədəniyyəti məkrəzinin direktoru Rafiq Abbasov, rektorun müşaviri Vazeh Əsgərov, universitetin müəllim və tələbələri iştirak ediblər.

Tədbirdə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin direktoru Rafiq Abbasov iki ölkə arasındakı hərbi-siyasi və hərbi-texniki əməkdaşlığın genişlənməsində yaranmış perspektivlərdən və bu istiqamətdə atılan addımlardan söz açıb. O, Ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı imzalanmış "Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasındakı qarşılıqlı dostluq əlaqələri əsasında birgə Bəyannamə" nin hərbi sahədə Azərbaycan-Çin arasındakı münasibətlərin hüquqi əlaqələrinin ümumi strategiyasını müəyyənləşdirməkdə böyük rol oynadığını xüsusi qeyd edib.

Rafiq Abbasov Çin Xalq-Azadlıq Ordusunun hərbi xidmət göstərən azərbaycanlı zabitlərin hazırlanmasındakı rolundan danışıb.

Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin hərbi attaşesi polkovnik Liu Hong Çində hərbi sahədə atılan addımlardan, Çin Xalq Respublikasının siyasi və hərbi hazırlıqlarının özəlliklərindən, 21-ci əsrdə Çin ordusunun qarşısında duran əhəmiyyətli məsələlərdən danışıb.

Sonra Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində təhsil alan tələbələr Aysel Mirəliyeva, Natiq Əliyev, İlahə Məmmədova, Nərgiz Niyazova, Ofelya Mustafayeva və Alim Adıgözəlov Azərbaycan, Çin, rus, ingilis, alman dillərində məruzələrində Çində Silahlı Qüvvələrin strukturundan, hazır ki fəaliyyətindən, Azərbaycanın hərbi texnikasından, hərbi sahədə Azərbaycan-Çin münasibətlərindən, Qədim Çində hərbi məsələlərin və Silahlı Qüvvələrin inkişafından bəhs ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə