"AMEA-da hökmən magistratura pilləsi yaradılmalıdır"

Bununla bağlı Prezident Administrasiyasına təkliflər göndərilib və müsbət cavab alınıb
"AMEA-da hökmən magistratura pilləsi yaradılmalıdır"

"Ali təhsil müəssisələrinin Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) institutlarının nəzdində baza kafedralarının və AMEA-da Magistratura təhsil pilləsinin yaradılması nəzərdə tutulur. Burada magistratura pilləsi hökmən yaradılmalıdır. Bununla bağlı Prezident Administrasiyasına təkliflər göndərilib və müsbət cavab alınıb. Hazırda məsələ ilə əlaqədar sərəncam hazırlanmaqdadır". SİA-nın məlumatına görə, bu fikirləri AMEA prezidenti Akif Əlizadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, akademiyada həm də istedadlı gənclər liseyi də yaradılmalıdır: "Ancaq bu sonrakı məsələdir. Güman edirik ki, dövlət bizi dəstəkləyəcək. Gələcəkdə AMEA-nın İstedadlı Gənclər Liseyi, daha sonra AMEA Universiteti yaradılmalıdır. Biz bütün bunları həyata keçirməyi nəzərdə tutmuşuq".

A. Əlizadə bildirib ki, AMEA-da ilk dəfə olaraq hüquq şöbəsi də yaradılıb. Onun sözlərinə görə, indiyə qədər bir çox məsələlərdə görülən işlərin hüquqi aspektləri tam müəyyənləşməyib.

O əlavə edib ki, informasiya kommunikasiya sahəsində AMEA-da ciddi narahatlıqlar mövcud olub: "Hətta bəzi institutların veb-saytları olmayıb. Bu gün isə həmin problemin aradan qaldırılması istiqamətində işlər gedir. Hazırda biz bu istiqamətdə mühüm işlər görürük və veb-saytları yüksək səviyyədə yaratmağa çalışırıq. Bu gün informasiya olmadan nəinki elm və təhsil, heç bir sahə inkişaf edə bilməz. Bu gün internet vasitəsi ilə hər bir məsələ həll olunur, hətta həkim diaqnoz da qoyur. AMEA-nın institutlarında bu sahədə çatışmazlıqlar vardı. AMEA İnformasiya Texnologiyaları İnstitutunda yüksək informasiya-kommunikasiya texnologiyaları mövcuddur. İnformasiya Texnologiyaları İnstitutunun təcrübəsindən istifadə edərək AMEA-da İKT tətbiqini yüksək səviyyəyə qaldırmaq niyyətindəyik".

AMEA prezidenti "Elektron hökumət" layihəsinə elmi dəstəyin AMEA tərəfindən verilməsinin zəruriliyini də qeyd edib.

A. Əlizadənin sözlərinə görə, hazırda AMEA 17 dövlət proqramında iştirak edir. Bu proqramlar sosial-iqtisadi, mədəni sferaları əhatə edir".

Bütün xəbərlər Facebook səhifəmizdə