"700 bal toplayan mingəçevirli məzuna hər ay 100 manat təqaüd verəcəm". SİA-nın xəbərinə görə, bu məlumatı millət vəkili Aydın Mirzəzadə öz "Facebook" səhifəsində yayıb.
O bildirib ki, bu onun təqaüd verəcəyi ikinci 700 bal toplayan Mingəçevir məzunu olacaq: "İyulun 14-də III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələri artıq bəllidir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) dünən açıqladığı rəsmi məlumata əsasən, bu il III ixtisas qrupu üzrə qəbul imtahanlarında 4 abituriyent maksimal nəticə əldə edərək 700 bal toplayıb. 4 nəfərdən biri deputat seçildiyim Mingəçevir şəhərinin 3 saylı orta məktəbini qızıl medalla bitirmiş Məmmədli Nərmin Rövşən qızıdır. Bitirdiyi 3 saylı məktəb Mingəçevirin tanınan və yüksək təhsil verən orta məktəblərindəndir".
"Nərminin babası Məmməd həkimi yaxşı tanıyıram, şəhərin nüfuzlu insanlarındandır, dost münasibətlərimiz var. Bu gün ona zəng edib, gözaydınlığı verdim. Həmçinin Nərminlə də telefonla danışdım, onu təbrik etdim. Nərminə bildirdim ki, yüksək bal topladığına görə ali məktəbi bitirənə qədər hər ay ona 100 manat təqaüd verəcəm. Artıq üç ildir ki, Mingəçevirdən ilk 700 bal toplamış məzun və hazırda Qafqaz Universitetinin IV kurs tələbəsi Kazımov İsmayıl hər ay məndən 100 manat təqaüd alır",- deyə millət vəkili fikirlərinə əlavə edib.
A. Mirzəzadə həmçinin qeyd edib kİ, Mingəçevirdə ictimaiyyətlə və pedaqoji kollektivlərlə görüşündə qəbul imtahanlarında 700 bal toplayan hər bir mingəçevirli məzun təqaüd alacaq: "Sözümün üstündə dururam və Mingəçevirdən yeni rekordçu abituriyentlər gözləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB