İyulun 14-də III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 4 abituriyent maksimal nəticə əldə edərək 700 bal toplayıb. SİA həmin abituriyentlərdən biri olan- Nərmin Məmmədlinin fikirlərini öyrənib. Məmmədli Nərmin Rövşən qızı Mingəçevir şəhəri 3 saylı orta məktəbi bitirib.
700 bal toplamağın sevincini yaşayan Nərmin hər zaman sınaqlarda yüksək nəticələr göstərdiyini deyib: "Bu xəbəri eşidəndə çox sevindim. 11 ildir əziyyət çəkirdim. Nəhayət əziyyətimin bəhrəsini layiqincə görə bildim".
Orta məktəbi əla qiymətlərlə bitirdiyini deyən Nərmin qeyd edib ki, bu nəticəni əldə etmək üçün o, çox çalışıb: "Hazırda valideynlərimə, yaxınlarıma bu sevinci yaşatdığıma görə sevinirəm. Bizim bölgədən yeganə 700 bal toplayan mənəm. Ümumiyyətlə, sınaqlardan hər zaman yüksək nəticələr göstərmişəm və 600-dən yuxarı bal toplamışam".
N. Məmmədli, "bu nəticəyə nail olmaq üçün iki il kifayət edirmi" sualına belə cavab verib: "Ciddi və yüksək nəticə əldə etmək üçün 11 illik tədris ilində yaxşı oxumaq lazımdır. Yalnız iki illə kifayətlənmək düzgün deyil. Repetitor yanına getmişəm, əsasən məktəb müəllimlərim məni hazırlaşdırıb və onların hər birinə öz minnətdarlığımı bildirirəm".
N. Məmmədlinin hədəfi isə hüquqşünas olmaqdır. "Prezident yanında Dövlət İdarəçilik Akademiyasında oxumaq istəyirəm. Amma xaricə getmək də planlarım var. Əgər bu reallaşarsa, təhsilimi xaricdə davam etdirəcəyəm".
Ən uğurlu nəticələrə nail olan abituriyentlər isə aşağıdakılardır:
İsmayılov Məhəmməd Şahin oğlu - Bakı şəhəri 258 saylı orta məktəbi bitirib.
Qafarova Flora Eldar qızı - Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyini bitirib.
Murğuzova Nərmin Sahib qızı - Tovuz rayonu Y.Sadıqov adına orta məktəbi bitirib.
Məmmədli Nərmin Rövşən qızı - Mingəçevir şəhəri 3 saylı orta məktəbi bitirib.
Qeyd edək ki, 700 bal toplayan abituriyentlərin dördü də bu ilin məzunlarıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB