"İyulun 15-də müəllimlərinin işə qəbulu üzrə elektron ərizələrin qəbulu prosesi başa çatıb. 15 gün ərzində ölkənin ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 3286 vakant yerə 18782 nəfərin ərizəsi qəbul edilib. Ötən ilin statistikasına görə, müəllimlərin işə qəbulu üzrə vakant yerlərin sayı 3270, müraciətlərin sayı 16195 olub". SİA-nın məlumatına görə, bu fikirləri Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu il ərizəçilər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili və riyaziyyat ixtisaslarını seçənlərin sayı daha çox olub: "Belə ki, Bakıda yerləşən bəzi məktəblər üzrə bir ibtidai sinif müəllimi yerinə 1000-dən artıq müraciət qeydə alınıb. İşə qəbul üzrə qeydiyyatdan keçən ərizələrin təsdiqlənməsi prosesinin 16-20 iyulda keçirilməsi nəzərdə tutulur. İyulun 21-23-də imtahan qrupları formalaşdırılacaq, hər bir müsabiqə iştirakçısının şəxsi səhifəsinə test imtahanının vaxtı və yeri barədə məlumat göndəriləcək".
Test imtahanlarının Azərbaycan Dövlət İqtisad Universitetinin əsas korpusunda keçiriləcəyini deyən şöbə müdirinin sözlərinə görə, universitetdə lokal şəbəkə qurulub və serverə qoşulub: "2 imtahah otağında 240 kompüter yerləşdirilib, mühafizə və təhlükəsizlik təmin edilib. Müəllimlərin işə qəbulu üzrə test imtahanı 25 iyul- 7 avqustda, hər gün (bazar günlərindən başqa) saat 09.00-dan 18.00-dək keçiriləcək. Hər bir qrup üzrə imtahana 1 saat vaxt ayrılır. Bu mərhələni başa uğurla başa vuranlar üçün 12-16 avqustda müsahibə təşkil olunacaq. Təhsil Nazirliyi müəllim olmaq istəyənlərin hər biri üçün bərabər şəraitin yaradılmasına, imtahan və müsahibə prosedurlarının şəffaf keçirilməsinə zəmanət verir".
Qeyd edək ki, Təhsil nazirinin "2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə" əmrinə uyğun olaraq, iyulun 1-dən elektron ərizələrinin qəbuluna başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB