Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin və valideynlərin rahatlığını təmin etmək məqsədilə bu il ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək bölgələrin sayını artırmaq barədə qərar qəbul edib. Komissiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbul imtahanları bütün ixtisas qrupları üzrə Bakı, Abşeron, Şamaxı, Qobustan, Neftçala, Salyan və Biləsuvar rayonunun abituriyentləri Bakı şəhərində, Sumqayıt, Xızı, Şabran və Siyəzən rayonunun abituriyentləri Sumqayıt şəhərində, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan və Goranboy rayonunun abituriyentləri Gəncə şəhərində, Balakən, Qax, Qəbələ, Zaqatala, Oğuz və Şəki rayonunun abituriyentləri Şəki şəhərində, Astara, Yardımlı, Lerik, Lənkəran, Masallı və Cəlilabad rayonunun abituriyentləri Lənkəran şəhərində, Quba, Qusar və Xaçmaz rayonlunun abituriyentləri Xaçmaz şəhərində, Ağcabədi, Xocavənd, Ağdam, Zərdab, Füzuli və Beyləqan rayonunun abituriyentləri Ağcabədi şəhərində, Şirvan, Saatlı, Sabirabad, Hacıqabul və İmişli rayonunun abituriyentləri Şirvan şəhərində, Göyçay, Ağdaş, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonunun abituriyentləri Göyçay şəhərində, Naxçıvan, Sədərək, Şərur, Şahbuz, Babək, Culfa, Kəngərli və Ordubad rayonunun abituriyentləri Naxçıvan şəhərində, Mingəçevir, Tərtər, Yevlax və Bərdə rayonlarının abituriyentləri isə Mingəçevir şəhərində imtahan verəcəklər.
Ümumi təhsil müəssisələrinin cari il məzunları qəbul imtahanını bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhərin (rayonun) aid olduğu imtahan mərkəzində verəcəklər. Digər abituriyentlər isə qəbul imtahanını elektron ərizələrində qeyd etdikləri faktiki yaşayış yerinin – şəhərin (rayonun) aid olduğu imtahan mərkəzində verəcəklər.
İşğal altında olan rayonların cari il məzunları qəbul imtahanını bitirdikləri məktəblərin yerləşdiyi əraziyə uyğun olan imtahan mərkəzində, əvvəlki illərin məzunları isə yaşadıqları və ya qeydiyyatda olduqları əraziyə uyğun olan imtahan mərkəzində verəcəklər.
Xatırladaq ki, abituriyent qəbul imtahanına bir neçə gün qalmış TQDK-nın internet səhifəsindən "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidir. "İmtahana buraxılış vərəqəsi"ndə imtahan mərkəzi, imtahan binası, zal, yer, imtahanın tarixi və başlanma vaxtı haqqında məlumatlar göstərilib.
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanları III ixtisas qrupu – 14 iyul 2013-cü il, I ixtisas qrupu – 21 iyul 2013-cü il, IV ixtisas qrupu – 28 iyul 2013-cü il, II ixtisas qrupu – 3 avqust 2013-cü il tarixlərində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə