Bu gündən etibarən 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqəyə start verilib. SİA-nın xəbərinə görə, iyulun 1-dən 15-dək Təhsil Nazirliyi tərəfindən "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsinə daxil olmaqla, elektron ərizələrin qəbulu aparılacaq. Təhsil Nazirliyi sisteminə daxil olan müəssisələrə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilir. Ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və vahid formalı dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə işə qəbul üzrə müsabiqədə iştirak edə bilərlər.
Məlumata əsasən, rayon mərkəzlərindən 20 km-dək məsafədə yerləşən kənd məktəblərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə həvəsləndirmə tədbirləri tətbiq olunur. Bunlara yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 (iki) misli həcmində birdəfəlik yardım, 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün hər ay 40 (qırx) manat məbləğində kompensasiya verilməsi, yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi, torpaq sahələrinin ayrılması və ipoteka kreditlərinin verilməsi daxildir.
Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən kənd məktəblərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə də həvəsləndirmə tədbirləri tətbiq olunur. Bunlara isə hər ay əməkhaqqına 70 (yetmiş) manat məbləğində əlavə olunur, yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 (iki) misli həcmində birdəfəlik yardım, 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün hər ay 40 (qırx) manat məbləğində kompensasiya verilməsi, yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi, torpaq sahələrinin ayrılması, ipoteka kreditlərinin verilməsi daxildir.
Məlumat üçün bildirək ki, "Müəllimlərin işə qəbulu üzrə müsabiqə"də iştirak etmək istəyənlər Təhsil Nazirliyinin rəsmi internet saytının "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsində yerləşdiriləcək məlumatdan faydalana bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB