Nazirlik boş qalan vakant yerlərə əlavə qəbul aparacaq

Nazirlik boş qalan vakant yerlərə əlavə qəbul aparacaq

Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən müəllim vəzifəsinə qəbul oluna bilməyən namizədlər üçün əlavə qəbul aparacaq. Nazirlikdən SİA-ya verilən məlumata görə, işə qəbul üzrə müsabiqənin nəticələrinə görə hər bir ixtisas üzrə boş qalan yerlər barədə məlumatlar "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsində "Şəxsi səhifə" daxilində yerləşdirilir. Bütün ixtisaslar üzrə müsahibə mərhələsi başa çatdıqdan sonra, müsabiqənin nəticəsinə görə keçid balı toplayaraq seçdiyi vakant yerə işə qəbul oluna bilməyən namizədlər "Şəxsi səhifə"yə daxil olmaqla Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş müddətdə boş qalan yerlər haqqında məlumatla tanış olub əlavə yerləşdirmədə iştirak edə bilərlər. "Boş qalan yerlərə əlavə yerləşdirmə üçün müraciətə dair təlimat"a uyğun olaraq, hər bir namizəd uyğun ixtisas üzrə ən çoxu 4 vakant yer seçə bilər.

Əlavə yerləşdirmə üçün boş qalan yerlərin seçim edilməsi bitdikdən sonra müsabiqədə ən çox bal toplayandan başlayaraq yerləşdirmə elektron proqram təminatı vasitəsilə həyata keçirilir və nəticələr namizədlərin "Şəxsi səhifə"sinəgöndərilir. İşə qəbul olunanlar müsahibə qaydalarına uyğun olaraq sənədlərini təqdim etməklə müsahibədən keçirilir. Müsahibə mərhələsindən əvvəl namizədin elektron ərizəsində qeyd olunmuş məlumatlar sənədlərin əsli ilə tutuşdurularaq təsdiqlənir. Müsahibə zamanı nitq qabiliyyəti və tibbi-psixoloji durum barədə "uyğundur" və ya "uyğun deyil" qeydlər edilir, ümumi dünyagörüşü, peşə kompitensiyaları və şəxsi keyfiyyətlər isə beş ballıq şkala üzrə qiymətləndirilir.

Müsabiqənin yekun nəticələrinə əsasən işə qəbul edilən müəllimlər müəyyənləşdirildikdən sonra onların siyahısı Nazirliyin İnternet saytında yerləşdirilir, müvafiq siyahılar göndərişlə aidiyyəti üzrə təhsili idarəetməorqanlarına, Nazirliyin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə və peşə liseylərinə göndərilir. Nazirliyin göndərişi əsasında təhsil müəssisəsinin rəhbəri ilə müəllim arasında əmək müqaviləsi bağlanılır.

Yerli təhsili idarəetmə orqanları müsabiqə nəticəsində vakant yerlərə, o cümlədən həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə işə qəbul olunanların pedaqoji fəaliyyətə başlamaları barədə məlumatı sentyabrın 30-dək Təhsil Nazirliyinə təqdim etməlidirlər. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə bütün ixtisaslar üzrə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra, hər bir ixtisas üzrə keçid balını toplayıb, lakin işə qəbul olunmayanların siyahısı müsabiqəkomissiyası tərəfindən təsdiq olunur. Tədris ili ərzində yaranan vakant yerlər barədə məlumatlar Təhsil Nazirliyində mütəmadi olaraq toplanılır, təhlil edilir və ildə 2 dəfə keçid balını toplamış müsabiqə iştirakçılarına elan edilir. Elanda göstərilən müddətdə elektron seçim etmiş müsabiqə iştirakçıları üçün əlavə yerləşdirmə qaydalarına uyğun işə qəbul aparılır.

Müsabiqə başa çatdıqdan sonra vakant qalan, eləcə də dərs ili ərzindəyaranan vakant yerlərə daimi işçi qəbul olunanadək,saathesabı və ya əvəzçilik qaydasında əmək müqaviləsi bağlanılmaqla, digər təhsil müəssisələrindən ixtisaslımüəllimlərin işə qəbuluna icazə verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə