2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, əmrdə bildirilib ki, 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, elektron proqram təminatı tətbiq olunmaqla müsabiqə yolu ilə həyata keçirilsin və "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu Qaydaları (Əlavə 1)" və "Müsabiqə yolu ilə müəllimlərin işə qəbulu qaydalarının tətbiqini tənzimləyən sənədlər toplusu (Əlavə 2)" təsdiq edilsin.
Həmçinin 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulunun keçirilməsi üçün müsabiqə və apellyasiya komissiyalarının tərkibi təsdiq edilsin. Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi, Texniki peşə təhsili şöbəsi ümumi təhsil müəssisələrindən və peşə liseylərindən daxil olan vakant yerləri təhlil etsinlər və müəyyənləşdirilmiş forma üzrə elan hazırlasınlar, iyul ayının 1-dək vakant yerlər barədə məlumatların Nazirliyin rəsmi İnternet saytında və "Azərbaycan müəllimi" qəzetində verilməsini və 01-15 iyul 2013-cü il tarixlərində işə qəbul üzrə elektron ərizələrin qəbulunu təşkil etsinlər.
Bundan başqa təhsil sisteminin informasiyalaşdırılması idarəsi müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirilməsi ilə bağlı elektron proqram təminatı üzrə texniki hazırlıq işlərinin və zəruri təşkilati məsələlərin yerinə yetirilməsini təmin etsin, strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi, daxili nəzarət şöbəsi işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində namizədlərin təhsil sənədlərinin "Tələbə-məzun bazası"nın köməyi ilə yoxlanılıb təsdiqlənməsini təmin etsinlər.
Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə test tapşırıqlarının hazırlanmasını və onların məxfiliyini təmin etsin. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin nəticələrinin Nazirliyin rəsmi İnternet saytında yerləşdirilməsini, təsdiq olunmuş siyahıların müşayiətedici məktubla yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə göndərilməsini təmin etsin.
Əmrə əsasən yerli təhsili idarəetmə orqanlarının, ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri müsabiqə nəticəsində işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin vaxtında bağlanılmasını, onlara xüsusi diqqət və qayğı ilə yanaşılmasını təmin etsinlər. Müsabiqə yolu ilə işə qəbul olunaraq pedaqoji fəaliyyətə başlayan, hər hansı bir səbəbdən işindən imtina edən müəllimlər, həmçinin dərs ili başladıqdan sonra mövcud vakant yerlər haqqında sentyabrın 20-dək Təhsil Nazirliyinə rəsmi məlumat təqdim etsinlər.
Ümumi şöbə, İctimaiyyətlə əlaqə şöbəsi Nazirliyin İnternet saytında "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsinin açılmasını, bu əmrin və əlavələrin, işə qəbul üzrə müsabiqədə iştirak edən namizədlər üçün nəzərdə tutulmuş digər məlumatların və müsabiqənin nəticələrinin həmin səhifədə yerləşdirilməsini, vakant yerlər haqqında məlumatın "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsinlər. Əmrin icrasına nəzarət Aparat rəhbərinin müavininə həvalə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB