“Azərbaycan-Çin əlaqələrinin siyasi sahədə perspektivləri və nəticələri”

“Azərbaycan-Çin əlaqələrinin siyasi sahədə perspektivləri və nəticələri”

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan-Çin əlaqələrinin siyasi sahədə perspektivləri və nəticələri" mövzusunda tədbir keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, tədbir ÇXR-nın milli bayramı -"Çin Kommunist Partiyasının yaranması günü"nə həsr edilib. Tədbirdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Li Yunquy, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Çin dili və mədəniyyəti mərkəzinin direktoru Rafiq Abbasov və tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin direktoru Rafiq Abbasov Ümummilli lider Heydər Əliyevin əsasının qoyduğu Azərbaycan-Çin ənənəvi dostluq əlaqələrinin siyasət, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə dinamik şəkildə inkişaf etdiyini söyləyib. O, iki ölkənin hakim partiyaları- Çin Kommunist Partiyası və Yeni Azərbaycan Partiyası arasındakı səmərəli əməkdaşlığın ölkələrarası çoxşaxəli əlaqələrin daha da çiçəklənməsi üçün təkan verdiyini deyib.

Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Li Yunquy çıxışında Azərbaycan-Çin arasındakı əlaqələrindən söz açıb və bu əlaqələrin səmərəli nəticələrindən məmnunluğunu bildirib. O, Çin dili və mədəniyyəti mərkəzinin fəaliyyətindən söz açaraq iki ölkə arasında ictimai əlaqələrin rifahı naminə atdığı addımlarının təqdirəlayiq olduğunu vurğulayıb. Müşavir mərkəzin Çin tarixi və mədəniyyətinin tanıdılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib. O, ÇXR cari siyasi və sosial-iqtisadi həyatı və Çin Kommunist Partiyasının tarixi haqqında məlumatları iştirakçıların nəzərinə çatdırıb.

Tədbirdə Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbələri Azərbaycan, rus və ingilis dillərində Çin Xalq Respublikası, Azərbaycan-Çin əlaqələrinin yaranması və inkişafı, Çin Kommunist Partiyasının yaranması haqqında məruzə ilə çıxış ediblər. Tədbirdə tələbələrdən Ofelya Mustafayeva və Flora Məmmədova "Çin Kommunist Partiyası", Nərgiz Niyazova "2004-cü il Çin Kommunist Partiyası Mərkəzinin Komitəsi siyasi bürosunun üzvü, MK Katibliyinin katibi Lyu Yunşanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan rəsmi səfəri", Azadə İsbarova "Çin Kommunist Partiyasının nümayəndəsi Trao Veysinin çıxışı", Günay Piriyeva "Ümummilli lider Heydər Əliyev və siyasətçi Den Syaopinyanın Çin Kommunist Partiyası və Yeni Azərbaycan Partiyası fonunda əlaqələri" mövzusunda təqdimatla çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə