Argentinanın Plata Universitetinin nümayəndəsi ADU-da

Argentinanın Plata Universitetinin nümayəndəsi ADU-da

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Argentinanın Plata Universitetinin Beynəlxalq əlaqələr İnstitutunun tərkibində Avrasiya proqramının rəhbəri və Plata Universitetində Azərbaycan tədqiqatlar kafedrasının rəhbəri Paulo Bottanı qəbul edib. ADU-dan SİA-ya verilən məlumata görə, ADU haqqında qonağa məlumat verən rektor Səməd Seyidov universitetdə dillərin tədrisi ilə yanaşı, bir sıra digər humanitar istiqamətdə kadrların hazırlandığını da qeyd edib. Bu baxımdan ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin mövcudluğunu diqqətə çatdırıb. İspan dilinin ADU-da uzun illərdən bəri uğurla tədris olunduğunu deyən ali təhsil ocağının rəhbəri Səməd Seyidov universitetdə İspan dili Mərkəzinin mövcud olduğunu deyib. O, ADU-da 16 ölkənin dil və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini sözlərinə əlavə edib. ADU tələbələrinin ispan dilinə böyük maraq göstərdiklərini vurğulayan rektor, Argentina səfirliyinin böyük işlər gördüyünü qonağın diqqətinə çatdırıb. O, qarşılıqlı əlaqələrin, gələcək əməkdaşlıq perspektivlərinin hər iki tərəf üçün faydalı olacağına ümid etdiyini ifadə edib.

Argentinanın Plata Universitetinin Beynəlxalq əlaqələr İnstitutunun tərkibində Avrasiya proqramının və Plata Universitetində Azərbaycan tədqiqatlar kafedrasının rəhbəri Paulo Botta səmimi qəbula görə təşəkkür edib. Təmsil etdiyi ali təhsil müəssisəsi haqda məlumat verən P.Botta universitetin beynəlxalq əlaqələrindən, o cümlədən bir sıra ölkələr ilə əlaqələrindən söz açıb. Qonaq bildirib ki, Plata Universitetində Azərbaycan tədqiqatlar kafedrası mövcuddur və burada 10 nəfər tələbə təhsil alır. O, ADU ilə əməkdaşlıqda, qarşılıqlı əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib. Paulo Botta bu ali təhsil müəssisəsində ispan dilinin tədrisini yüksək dəyərləndirib.

Görüşdə, həmçinin gələcək əməkdaşlıq perspektivləri, müəllim-tələbə mübadiləsi məsələləri istiqamətində müzakirələr aparılıb.

Qeyd edək ki, görüşdə Argentinanın Azərbaycandakı səfirliyinin konsulu Qabriel Xorquera da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə