Təhsil Nazirliyi "Azərbaycan 2020 : Gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində həyata keçiriləcək yenilikləri açıqlayıb. SİA-nın xəbərinə görə, Nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov Ombudsmanların XI Beynəlxalq konfransında çıxışı zamanı deyib ki, Konsepsiya çərçivəsində ölkədə təhsilin keyfiyyətini yüksəltmək üçün stimullaşdırıcı mexanizmlər yaradılacaq və bütün təhsil pillələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi genişləndiriləcək.
Onun sözlərinə görə, 12 illik ümumtəhsil sisteminə keçid təmin ediləcək və bununla əlaqədar təhsil proqramları və dərsliklər müasir tələblər baxımından yeniləşdiriləcək: "Təhsil sistemində müasir monitorinq və qiymətləndirmə sistemi yaradılacaq. Peşə təhsili infrastrukturu əsaslı şəkildə müasirləşdiriləcək, peşə təhsilinə cəlb olunanların sayı artırılaraq ölkə iqtisadiyyatının tələbatı ilə uzlaşdırılacaq. Ali təhsil müəssisələrinin ölkənin sosial-iqtisadi inkişaf tələblərinə uyğun bilik və bacarığa malik mütəxəssis yetişdirilməsinə və onların təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən standartlar hazırlanıb tətbiq olunacaq. Müəllim hazırlığının gücləndirilməsinə xüsusi önəm veriləcək və onların karyera inkişafı, fəaliyyətinin stimullaşdırılması üzrə müasir mexanizmlər yaradılacaq, nəticələrə əsaslanan diferensial əmək haqqı və mükafatlandırma sistemi hazırlanacaq. Ucqar kənd məktəblərində pedaqoji kadrların təminatı üçün nəzərdə tutulmuş maddi stimullaşdırma tədbirləri gücləndiriləcək. Xarici ölkələrin aparıcı universitetlərində dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrin sayı 2015-ci ilədək əhəmiyyətli dərəcədə artacaq. Xaricdə təhsil alaraq məzun olmuş mütəxəssislərin potensialının ölkənin inkişafında səmərəli istifadə olunması təmin ediləcək. 2015-2020-ci illər üzrə gənclərin xarici ölkələrdə təhsil almasına dair yeni dövlət proqramı qəbul ediləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB