Yapon mədəniyyətinə həsr olunmuş tədbir keçirilib FOTO

Yapon mədəniyyətinə həsr olunmuş tədbir keçirilib FOTO

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Yapon mədəniyyətinə həsr olunmuş tədbir keçirilib. SİA-ya verilən məlumata görə, tədbir ADU-nun Yapon mərkəzi və Yaponiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub. ADU-nun Yapon Mərkəzinin rəhbəri Yaşar İbrahimov 2011-ci ilin sentyabrından etibarən ADU-da Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tərkibində Yaponşünaslıq ixtisasının fəaliyyət göstərdiyini bildirib. Y. İbrahimov artıq keyfiyyətli avadanlıqlarla təchiz olunmuş, yüksək səviyyəli mərkəzin tələbələrin ixtiyarına verildiyini söyləyib. O, Yaponiyanın Azərbaycanda fəaliyyət göstərən səfirliyi tərəfindən keçirilən yapon dili imtahanından uğurla keçərək ADU-nun Yaponşünaslıq ixtisasında təhsil alan Zərifə Aydayevanın iki həftəlik, Aqşin Bədəlbəylinin isə bir illik "Təcrübə proqramı" çərçivəsində Yaponiyaya səfər imkanı əldə etmiş olduqlarının vurğulayıb.

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe ADU-da olmasından məmnunluğunu ifadə edib və universitet rəhbərliyinə yapon mədəniyyətlərinə həsr olunmuş tədbirlər təşkil etdikləri üçün təşəkkürünü bildirib. O, ADU-da Yaponşünaslıq ixtisasının fəaliyyətə başlamasından iki il keçməsinə baxmayaraq, artıq universitetin iki tələbəsinin "Təcrübə proqramı" keçmək üçün Yaponiyaya yollanacaqlarının söyləyib. Səfir tələbələrin bu uğurlarının universitetdə tələbələr üçün yaradılımış keyfiyyətli təhsilin və yüksək imkanların nəticəsi olduğunu diqqətə çatdırıb.

Tədbir "Yaponiya mədəniyyəti nümunələrinin nümayişi" adlı sərgi ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə