“Tarixi prosesdə 15 iyun və onu doğuran səbəblər”

“Tarixi prosesdə 15 iyun və onu doğuran səbəblər”

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) "Tarixi prosesdə 15 iyun və onu doğuran səbəblər" mövzusunda dəyirmi masa keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, ADU Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutan tədbirdə universitetin Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Azərbaycan tarixi, fəlsəfə və sosial-siyasi elmlər kafedrasının müdiri, dosent Ədalət Abdıyeva, həmçinin müəllim və tələbələr iştirak ediblər.

Giriş sözü ilə çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev Milli Qurtuluş gününün Azərbaycan xalqının həyatında qiymətli, əziz bayramlarından biri olduğunu söyləyib. 1993-cü ildə Azərbaycan xalqının yaşadığı kritik vəziyyəti xatırladan prorektor Azərbaycanın o zamanlarda məhv olma, dağılma ilə üz-üzə qaldığını bildirib. O, Ümummilli lider Heydər Əliyevin çoxsaylı xahişlərdən sonra Azərbaycanın xilası naminə ölkəyə gəldiyini və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyini vurğulayıb. Ələddin Əliyev Heydər Əliyevin apardığı uğurlu siyasəti nəticəsində hazırda dünya xalqlarının imzaları sırasında Azərbaycan xalqının da imzasının olduğunu diqqətə çatdırıb.

Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov çıxışında gənclərə müraciət edərək onların çox xoşbəxt dövrdə doğulduqlarını və yaşadıqlarının söyləyib. Prorektor ulu öndərin məhz Azərbaycan Dillər Universiteti ilə bağlı xidmətlərini xatırlayaraq Heydər Əliyevin sərəncamı ilə 1973-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (APXDİ) müstəqil müəssisə olaraq yaradıldığını bildirib. O, 2000-ci ildən institutun Ümummilli liderin təşəbbüsü ilə universitet statusu almaqla Azərbaycan Dillər Universiteti adlandırıldığını diqqətə çatdırıb. Dünyamin Yunusov dahi şəxsiyyətin gənclər üçün qoyduğu bu müstəqil dövlətdə savadlı gənclər olaraq yer tutmağı və Heydər Əliyevin siyasətini davam etdirməyi arzu edib.

Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev "15 iyun tarixinin Beynəlxalq müstəvidə yeri" məruzəsində Ümummilli lider Heydər Əliyevin digər dövlətlərin liderləri ilə müqayisəsini təqdim edib və Heydər Əliyev irsinin öyrənilməsinin Azərbaycan gəncləri üçün vacib olduğunu vurğulayıb. O, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması və xarici ölkələrlə qarşılıqlı münasibətlərin qurulmasını ulu öndərin beynəlxalq müstəvidə əldə etdiyi uğurlar olduğunu nəzərə çatdırıb.

Çıxışçılar 90-cı illərdə Azərbaycana xaricdən təhdidlərin olduğu bir vaxtda Heydər Əliyevin ölkədə siyasi sabitliyin inkişafına nail olmasından, ordu quruculuğunun əsasını qoymasından geniş söz açıblar.

Sonra "15 iyun-Milli Qurtuluş günü"nə həsr olunmuş videoçarx nümayiş olunub.

Nümayişdən sonra ADU TGT sədri Xıdır Kazımov "Qurtuluş gününə gəncliyin münasibəti" mövzusu ilə çıxış edib. O, ulu öndərin gənclərə diqqət və qayğısını heç zaman əsirgəmədiyini bildirib. Bunun sayəsində artıq azərbaycanlı gənclərin nəinki öz ölkəmizdə, həmçinin digər ölkələrdə də Gənclər Təşkilatlarında birləşdiklərini və Azərbaycanın inkişafı naminə çalışdıqlarını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə