Tələbə Qəbulu üzrə Dövlət Kоmissiyаsı (TQDK) Ədliyyə Nazirliyi ilə birlikdə cari ilin iyunun 9-da Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək. Komissiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, imtahanı saat 10.00-da bütün namizədlər üçün vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman sarayında, Bakı şəhəri, A.Sultanova küçəsi 5 ünvanında keçiriləcək.
Sənədlərin qəbulu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən cari ilin fevral ayından başlanıb və iyun ayının 4-də başa çatıb. İmtahanda iştirak etmək üçün 544 nəfərin namizədliyi qeydə alınıb.
Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni iyun ayının 7-dən etibarən saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından götürə bilərlər. Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahana gecikmədən, buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər.
Namizədlərin nəzərinə çatdırılır ki, ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün onların bilməli və xüsusi diqqət yetirməli olduğu normativ hüquqi aktlara, həmçinin test imtahanının keçirilməsi qaydasına dair xülasə ilə bağlı "Yaddaş kitabçası" əvvəlcədən nazirliyin internet səhifəsində yerləşdirilib və müraciət edənlərə təqdim olunur.
Qeyd edək ki, imtahan 3 saat davam edir və nаmizədlərə 100 suаldаn ibаrət suаl kitаbçаsı təqdim оlunur: 80 suаl namizədin hüquq və qanunvericilik sahəsi üzrə biliyini yoxlayır (suallar Ədliyyə Nazirliyi tərəfindən hazırlanıb), 20 suаl isə nаmizədlərin məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir (suallar TQDK tərəfindən hazırlanıb).
Namizədlərin balları hesablandıqda hüquq və qanunvericilik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1 bal, məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırıqları üzrə hər düzgün cavab 0.5 bаllа qiymətləndirilir.
Toplanması mümkün olan maksimal bal 90-a bərabərdir. Nəticələr hesablandıqda yanlış cavablar düz cavabların nəticəsinə təsir göstərmir.
Test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.
Qeyd edək ki, imtahanın nəticələri həmin gün TQDK-nın internet saytında yerləşdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə