Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov British Council –ın Azərbaycan nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Elizabet Vayt ilə görüşüb. ADU-dan SİA-ya verilən məlumata görə, qonağı salamlayan rektor, professor Səməd Seyidov Azərbaycan Dillər Universiteti (ADU) haqda ona ətraflı məlumat verib və burada 6000 tələbənin təhsil aldığını bildirib. Fakültələr haqqında danışan rektor Səməd Seyidov Pedaqoji, Filologiya və Jurnalistika, Tərcümə, o cümlədən Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində ingilis dilinin tədris olunduğunu deyib. Dövlət ali təhsil müəssisələri içərisində ilk dəfə məhz Azərbaycan Dillər Universitetinin Bolonya prosesinə qoşulduğunu sözlərinə əlavə edib. Rektor Səməd Seyidov British Council-ın ADU ilə əlaqələrindən söz açıb. ADU-nun birgə layihələrdə iştirakına toxunan rektor bu sahədə bir sıra uğurların olduğunu bildirib. O, dil, mədəniyyət, elm və təhsilin qarşılıqlı əlaqələrin inkişafında xüsusi rolunu qeyd edib. Səməd Seyidov ADU-nun Böyük Britaniya universitetləri ilə əlaqələrindən söz açaraq ADU-nun Esseks, İpsviç və Qlazqo universitetləri ilə əməkdaşlıq etdiyini vurğulayıb.
Magistratura proqramı ilə bağlı Qlazqo Universiteti və ADU arasındakı memorandum haqda qonağa məlumat verən rektor bildirib ki, razılaşmaya əsasən, tələbələr ikili diplom alacaqlar. Həmçinin Esseks ilə 2+2 layihəsi əsasında tələbələr ADU-da bakalavr pilləsinin 2-ci kursunu bitirdikdən sonra Esseks Universitetinə gedərək qalan iki ili orada oxuyub ikili diploma sahib ola bilərlər. Rektor S.Seyidov ADU-nun British Council ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini və bu əməkdaşlıqdan universitetin həm müəllim, həm də tələbələrinin faydalandığını nəzərə çatdırıb. ADU-nun İnformasiya Resurs Kompleksində British Council-ın kitabxanasının yerləşdiyini qonağın diqqətinə çatdıran rektor Səməd Seyidov əlaqələrin vacibliyindən söz açıb. İnformasiya kommunikasiya texnologiyalarının (İKT-in) dilin tədrisində, o cümlədən öyrənilməsində online metodları qaçılmaz etdiyini vurğulayan rektor Səməd Seyidov bu sahədə ADU-nun təcrübəsindən də söz açdı. O, ADU-nun TEMPUS, TACİS, ERASMUS MUNDUS və digər beynəlxalq layihələrdə iştirakından da danışıb.
British Council –ın Azərbaycan nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Elizabet Vayt səmimi qəbula görə təşəkkür edib. O, təmsil etdiyi qurumun ingilis dilinin yayılmasında müxtəlif dil kurslarının təşkil edildiyini nəzərə çatdırıb. Bu baxımdan ADU ilə bir sıra birgə layihələrə imza atıldığını bildirib və bu əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Dilin tədrisində informasiya kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqini vacib sayıb. Elizabet Vayt ADU ilə British Council-ın əlaqələrinin bundan sonra da genişlənməsini və inkişafını dəstəklədiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB