Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən "Elektron Təhsil" Respublika müsabiqəsinin növbəti mərhələsində 194 layihə qalib statusu uğrunda mübarizəni davam etdirəcək. Ekspert Komissiyası tərəfindən hər bir nominasiya üzrə 16 meyar əsasında 0-10 bal arasında qiymətləndirmə aparmaqla, elektron tədris vasitələrindən istifadə etməklə qurulan tədris prosesinin ən yaxşı modeli nominasiyası üzrə - 162, Müəllimlərin bloqları nominasiyası üzrə - 16 və Təhsildə İnternet texnologiyaları nominasiyası üzrə - 16 layihə növbəti mərhələyə keçid qazanıb. SİA-ya verilən məlumata görə, müsabiqəyə təqdim olunan 890 layihədən, yalnız 781-i meyarlara uyğun olaraq qəbul olunub.
Müsabiqə Dr. Web, İntel korporasiyasının "Gələcək üçün təhsil" proqramı, AZEDUNET, Ultra, Mədəd Azərbaycan və "Nar Mobile" tərəfindən dəstəklənir. Müsabiqəyə təqdim olunmuş layihələr ictimaiyyət tərəfindən geniş müzakirə olunmaqdadır.
Hazırda müsabiqənin rəsmi internet-səhifəsində (www.musabiqe.edu.az) qeydiyyatdan keçmiş 4646 müəllim, 1488 tələbə, 4144 şagird, 538 valideyn layihələrin onlayn müzakirəsində iştirak edir.
Müsabiqə "Müasir məktəbdə elektron tədris resursları" və "Təhsildə İnternet texnologiyaları" istiqamətləri üzrə təşkil olunub. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
"Müasir məktəbdə elektron tədris resursları" istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan materiallar təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər "Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli" nominasiyası üzrə müəyyən olunacaqlar.
"Təhsildə İnternet texnologiyaları" istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu İnternet resursları və bloqlar təqdim edilə bilər. Qaliblər "Təhsildə İnternet resursları" və "Müəllimlərin bloqları" nominasiyaları üzrə müəyyən olunacaqlar.
Müsabiqədə 3 nominasiya üzrə qaliblərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq.
Qeyd edək ki, müsabiqə artıq dördüncü ildir ki, keçirilir və 2010-2012-ci illərdə keçirilən müsabiqələrdə ümumi olaraq 2000-dən artıq layihə təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB