Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri, AŞPA-da Rusiya nümayəndə heyətinin rəhbəri, Moskva Dövlət İnstitutunun Beynəlxalq əlaqələr üzrə professoru, Rusiya Şurasının Rəyasət heyətinin xarici əlaqələr üzrə üzvü, Vətəndaş Cəmiyyəti İnkişafının Prezident Şurasının üzvü, Əməkdar Mədəniyyət İşçisi, teleaparıcı, jurnalist, politoloq, tarix elmləri namizədi Aleksey Puşkov ilə görüşüb.
ADU-dan SİA-ya verilən məlumata görə, qonağı salamlayan rektor Səməd Seyidov onu ADU-da görməkdən məmnun olduğunu bildirib. O, Aleksey Puşkovun AŞPA-da Rusiya nümayəndə heyətinin rəhbəri olduğunu xatırladaraq beynəlxalq səviyyədə Rusiyanın hər zaman Azərbaycana dəstək olduğunu vurğulayıb. Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlardakı əməkdaşlığından söz açıb. Universitetin fəaliyyətinə toxunan Səməd Seyidov bu ali təhsil ocağında 15-ə yaxın ölkənin dillərinin tədris olunduğunu bildirib.
Sonra Səməd Seyidov Azərbaycan və Rusiya arasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətinə görə Aleksey Puşkovu Elmi Şurasının qərarına əsasən ADU-nun Fəxri doktor diplomu ilə təltif edib və mantiyanı qonağa təqdim etdi.
Aleksey Puşkov Azərbaycana səfəri çərçivəsində ADU-da olmaqdan məmnunluq hissi keçirdiyini bildirib. O, Azərbaycan və Rusiya əlaqələrinin günü-gündən genişləndiyini və möhkəmləndiyini xüsusi qeyd edərək AŞPA-dakı beynəlxalq əməkdaşlığın əhəmiyyətindən söz açıb. Qonaq universitetdə müxtəlif ölkələrin dillərinin tədrisini yüksək qiymətləndirib.
Qeyd edək ki, görüşdə Azərbaycanda Rusiya icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin də iştirak edib.
Xatırladaq ki, ADU-nun fəxri doktoru sırasına İsrail dövlətinin Prezidenti Simon Peres, Avropa Şurası Parlament Assambleyasının keçmiş Prezidenti Mövlud Çavuşoğlu və AŞ-nın daimi sədri, Avropa İttifaqı Hökumət və Dövlət Başçıları Şurasının Prezidenti Herman Van Rompuy daxil olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB