Orta məktəblər üçün ilk buraxılış imtahanları başa çatdı

Orta məktəblər üçün ilk buraxılış imtahanları başa çatdı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir. Bu il ilk buraxılış imtahanı (IX və XI siniflər üçün) iyunun 2-də Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda keçirilib. Eyni zamanda, bu gün Lənkəran, Gəncə, Quba, Qusar, Balakən, Xaçmaz, Zaqatala, Mingəçevir şəhər və rayonlarının rus bölməsi şagirdləri də buraxılış imtahanı veriblər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən məlumata görə, IX sinif şagirdlərinin buraxılış imtahanları saat 10.00-da başlanmış və saat 12.00-da başa çatıb. XI sinif şagirdlərinin buraxılış imtahanları isə saat 15.00-da başlanmış və saat 17.00-da başa yekunlaşıb. İmtahanlara nəzarətçi-müəllimlər nəzarət ediblər.

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetiriblər.

İki saat müddətində aparılmış imtahanda test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb.

Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.

Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.

Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə