Lənkəranda son zəng FOTOLAR

Mayın 31-də respublikamızın hər yerində olduğu kimi, Lənkəran rayonunun orta ümumtəhsil məktəblərində də son zəng çalınıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, bu münasibətlə rayonda yerləşən orta ümumtəhsil məktəblərində məzun günü təşkil edilib.

Lənkəran şəhər Təhsil şöbəsinin müdir müavini Güloğlan Bağırovun verdiyi məlumata əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarına əsasən məzun günü ilə bağlı təşkil olunan tədbirlər məktəb daxilində keçirilib. Mərasimlərdə vətənpərvərliyə, dövlətçiliyə həsr olunan şeirlər səsləndirilib. Tədbirdə iştirak edən Təhsil şöbəsinin rəsmilərinin, qabaqcıl müəllimlərin, valideynlərin, əlaçı şagirdlərin çıxışları dinlənilib. Çıxış edənlər məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıblar.

Qeyd edək ki, Lənkəran rayonunda 14-ü ümumi orta, 72-si isə tam orta olmaqla 89 ümumtəhsil məktəbi var. Bu il Lənkəranda yerləşən ümumtəhsil orta məktəblərindən 2692 şagird 9-cu, 1910 şagird 11-ci sinifdən olmaqla ümumilikdə 4 min 602 şagird məzun olub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə