Qaydalar dəyişib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012-ci il 10 may tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları"nda dəyişikliklər edilib. Komissiyadan SİA-ya verilən məlumata görə, qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Dəyişikliklərə əsasən buraxılış imtahanında əldə etdiyi nəticədən asılı olmayaraq, buraxılış imtahanına buraxılan bütün təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılacaq. Buraxılış imtahanında üzrsüz səbəbdən iştirak etməyən şagirdin buraxılış imtahanının qiyməti kimi 2 qiyməti götürüləcək. Eyni qayda ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən və ya buraxılış imtahanında 2 qiymət alan təhsil alanlara tətbiq ediləcək.

Digər dəyişikliyə əsasən tədris ingilis və ya gürcü dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verirlər. Onlara tədris dilində 30 test tapşırığı təqdim edilir. İmtahanın müddəti 45 dəqiqədir.

Sağlamlıq imkanları məhdud təhsil alanlar psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə buraxılış imtahanından azad edilirlər. Oların bütün fənlər üzrə biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) illik qiymətlər əsasında aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə