Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən yaxın günlərdə "Magistr" jurnalının 4-cü sayı nəşr olunaraq bakalavrların istifadəsinə veriləcək. Komissiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, jurnalda "Bakalavrın elektron ərizəsi"ndə qəbul proqramının seçilməsi və təsdiqi üçün təlimat, qəbul proqramının seçimi üçün "Bakalavrın elektron ərizəsi" formasının nümunəsi, "Bakalavrın elektron ərizəsi"ndə ixtisaslaşma seçilməsi və təsdiqi üçün təlimat, ixtisaslaşma seçimi üçün "Bakalavrın elektron ərizəsi" formasının nümunəsi, qəbul aparılan ixtisaslaşmalar öz əksini tapacaq.
Qəbul elanına əsasən, ali təhsil müəssisələrinin magistraturalarına 3 mart 2013-cü il tarixində keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılır və proqram seçimində iştirak edirlər.
Bunun üçün bakalavrlar 2013-cü il iyunun 3-dən 11-dək olan müddətdə öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər (həmin proqramlar "Magistr" jurnalının 2013-cü il 3-cü sayında dərc olunub).
Proqram seçib təsdiq etmiş bakalavrlar 2012-ci il iyunun 19-dan 22-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.
Qeyd edək ki, qəbul imtahanının ikinci mərhələsi 2013-cü il iyunun 23-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.
İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.
İxtisas üzrə test tapşırıqlarına cavabın maksimal qiyməti 50 baldır. Yazı işlərinin nəticəsi də 50 ballıq şkalada qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB