Bu gün Azərbaycan məktəblərində on bir illik məktəb həyatının son zəngi çalındı. Zamanın axarında on bir ili başa vuran məktəblilər son zəngi dinlədilər. Yaddaşlarda qalacaq bu günün zəngi uşaqlıq və yeniyetməlik dövrünün xatirələşən bir anı idi. Bu gündən etibarən müstəqil Azərbaycanın neçə-neçə gənci müstəqil vətəndaş olaraq həyata qədəm qoyurlar. Bu gün ümumtəhsil məktəblərində çalınan zənglər 11-cilərin məktəbə vida zəngi oldu.
"Son zəng" tədbirləri ölkənin, o cümlədən paytaxtın bütün məktəblərində qeyd olunub. Bağça Məktəb Lisey Kompleksində təşkil olunan tədbir bütün məktəblərdə olduğu kimi saat 10:00-da başlayıb. Kompleksin direktoru Qafar Hüseynov ilk öncə məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb. Bildirib ki, cari ildə kompleksi 293 şagird bitirib: "Bütün sahələr üzrə kompleksin məzunları yüksək nəticələr göstərir. Builki məzunlardan da kollektivimiz böyük nailiyyətlər gözləyir. İnanırıq ki, 293 məzunun hər biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ən öncül silahdaşı və tərəfadaşı olacaq, məkandan asılı olmayaraq, ölkəmizi layiqincə təmsil edib yüksək pillələrə qaldıracaqlar".
Təhsil naziri Mikayıl Cabbarov isə tədbirdə çıxışında deyib ki, bu gün bütün məzunların həyatında çox mühüm bir gündür. Onlar bu gün həyatının böyük bir mərhələsini başa çatdırırlar: "Bu gün həm də 11 il ərzində təhsil aldığınız və sizə doğma olan müəllim kollektivindən ayrılmaq günü gəlib çatıb. Bununla da, siz yeni həyata qədəm qoyursunuz. Siz çox xoşbəxtsiniz, çünki siz müstəqil Azərbaycan Respublikasının vətəndaşları və məzunlarısınız. Təhsil aldığınız müddətdə isə kompleksin simasının müsbət istiqamətə doğru dəyişməsi dövlət başçısının sizə və təhsilə göstərdiyi qayğının təcəssümüdür. Hər bir məzuna gələcək həyatında uğurlar arzulayıram".
Bu gün 7 saylı orta məktəbdə də "Son zəng" təntənəli şəkildə qeyd olunub. Tədbirdə məktəbin müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər.
Bütün məktəblərdə təşkil olunan tədbirlər saat 13:00-da "Son zəng"in çalınmasıyla başa çatıb. Bununla da məktəblilər 11 il ərzində təhsil aldıqları məktəb və uşaqlıq həyatları ilə vidalaşıblar.
Qeyd edək ki, 2012-2013-cü tədris ilində respublikanın ümumtəhsil məktəbləri üzrə gözlənilən şagird buraxılışı 216 734 nəfər təşkil edir. Məktəbi bitirənlərin 125 250 nəfəri IX sinif, 91 484 nəfəri isə XI sinif şagirdləridir.
Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri üzrə 2012-2013-cü tədris ilində tələbələrin gözlənilən buraxılışı isə 26 137 nəfər təşkil edir. Bu tədris ilində nazirliyin tabeliyində olan orta ixtisas təhsili müəssisələrini 10 399 nəfər tələbə bitirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB