Səməd Seyidovun kitabının təqdimatı keçirilib

Səməd Seyidovun kitabının təqdimatı keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Psixologiya kafedrasının təşkilatçılığı ilə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun "Yaradıcılığın fenomenologiyası: tarix, paradokslar, şəxsiyyət" kitabının dəyirmi masada müzakirəsi keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan, Müəllim Həmkarlar İttifaqının sədri, dosent Misgər Məmmədov qonaqları salamlayıb.

Sonra əsəri rus dilindən Azərbaycan dilinə tərcümə edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, jurnalist, yazıçı Fəxri Uğurlu çıxış edib. O, bildirib ki, kitabı bəyəndiyi üçün böyük zövqlə tərcümə edib. Yaradıcılığın insan xoşbəxtliyinin zirvəsi olduğunu söyləyən yazıçı bu əsərin həyatın sirrini açmağa, insan kəşflərinin yeni strukturlarını tapmağa kömək edən bir vasitə olduğunu vurğulayıb. F. Uğurlu dünya psixoloqları tərəfindən bu kitaba böyük diqqətlə yanaşılacağına inandığını söyləyib.

Daha sonra rejissor, ssenarist, teatrşünas Rövşən Almuradlı çıxışında bu kitabın sadə, səlis, aydın dildə yazıldığını və ölkədəki teatrın indiki vaxtında teatrşünaslar üçün oxunulması vacib olan əsər olduğunu bildirib.

Sonra ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov "Psixologiya və ədəbiyyat", ADU-nun Pedaqoji fakültəsinin dekanı, professor Əfqan Abdullayev "Yaradıcılıq fenomenologiyasına bir baxış", Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Svetlana Cəbrayılova "Ədəbi prosesdə yaradıcılığın fenomenologiyası", Azərbaycan tarixi, fəlsəfə və sosial- siyasi elmlər kafedrasının müdiri, professor Adilə Abdıyeva "Yaradıcılğın fəlsəfi təhlilinin genezisi", Ümumi dilçilik kafedrasının müdiri, professor Azad Məmmədov "Yaradıcılıqda metoforik düşüncə", Psixologiya kafedrasının müdiri, dosent Ceyhun Alıyev "Şəxsiyyətin struktur tipologiyası və passionarlıq", Təhsil problemləri İnstitutunda şöbə müdiri, psixologiya üzrə fəlsəfə doktoru Elxan Bəylərov "Yaradıcılığa münasibət tarixi kontekstdə", Azərbaycan tarixi, fəlsəfə və sosial-siyasi elmlər kafedrasının müəllimi, dosent Şükufə Cabarova "Şəxsiyyətin fəlsəfi xüsusiyyətləri", Xarici ölkələr ədəbiyyatının müəllimi, dosent Aybəniz İsmayılova "Ədəbiyyatda yaradıcılıq", Xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi, dosent Nəsir Xankişiyev "Şeirdə tərcümənin poetik xüsusiyyətləri" mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələrdən sonra Ceyhun Alıyev əsərdən dərs vəsaiti kimi istifadə olunması üçün onun dərsliyə verilən tələblərə uyğunlaşdırılması və qrif alınması, şəxsiyyətin struktur tipologiyası konsepsiyası əsasında müvafiq metodikanın hazırlanması, əsərin ali təhsil müəssisələrinin doktorantura şöbəsində "Yaradıcılığın metodologiyası və psixologiyası" adı ilə xüsusi kurs kimi tədris olunması kimi məsələləri irəli sürərək təklifləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə