ADU-da Nigar Rəfibəylinin 100 illiyi qeyd edilib FOTO

ADU-da Nigar Rəfibəylinin 100 illiyi qeyd edilib FOTO

Azərbaycan Dillər Universitetində (ADU) Filologiya və Jurnalistika fakültəsinin tələbələrinin, Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, xalq şairi Nigar Rəfibəylinin 100 illiyi münasibətilə tədbir keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Filologiya və Jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Fəridə Səfiyeva, Nigar Rəfibəylinin nəvəsi Günel Anarqızı və tələbələr iştirak edib.

Tədbirdə bildirilib ki, Nigar Rəfibəyli milli ədəbiyyatı, zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən sənətkardır. Ana vətənə bağlılıq, insanın mənəvi ucalığı və yurdun əsrarəngiz təbiət gözəlliklərinin özünəməxsus tərzdə tərənnümü onun yaradıcılığının ideya-bədii leytmotivini təşkil edib. Qeyd olunub ki, N. Rəfibəylinin yaradıcılığında təbiət mənzərələri, mənəvi zənginlik, vətənpərvərlik, sülh, demokratiya, azadlıq ideyaları, müharibə və müharibə əleyhinə mövzulara da toxunulub. Eyni zamanda, N. Rəfibəylinin həyatının bəzi məqamlarını özündə ehtiva edən ədəbi-bədii kompozisiya nümayiş olunub.

Tədbirdə N. Rəfibəylinin həyat və yaradıcılığının müxtəlif dövrlərini özündə əks etdirən slayd da təqdim olunub.

Tələbələrin ifasında N. Rəfibəylinin dillər əzbəri olan "Ala gözlüm", "Aman ayrılıq", "Dağları duman alanda" kimi şeirlərinə bəstələnmiş mahnılar ifa olunub, şeirləri səsləndirilib.

Tədbirdə çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, N. Rəfibəylinin Azərbaycan ədəbiyyatına verdiyi töhfədən danışıb. Prorektor bildirib ki, o yalnız şair deyil, həm də gözəl ana və ictimai xadim kimi yaddaşlarda qalıb. Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Fəridə Səfiyeva da çıxışında N. Rəfibəylinin həyat və yaradıcılığından bəhs edib.

Sonda N. Rəfibəylinin nəvəsi Günel Anarqızı çıxış edərək keçirilən tədbirin yüksək səviyyədə təşkilindən məmnunluğunu bildirib və əməyi keçənlərə minnətdarlıq edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 04 mart 2013-cü il tarixində Nigar Rəfibəylinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə