Bu gün Qafqaz Universitetləri Birliyinin (KUB) III konqresi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Türkiyənin təhsil naziri Nabi Avcı, Gürcüstanın təhsil nazirinin müavini David Zurabişvili, Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya, Qafqaz Universitetləri Birliyinin sədri Ramazan Korkmaz, hər üç ölkənin ali məktəblərinin rektorları və media nümayəndələri iştirak edib.
Mikayıl Cabbarov konqresdə çıxışında deyib ki, bu qurumun fəaliyyəti bölgənin təhsil sisteminin inkişafında böyük rol oynayacaq, həmçinin Qafqaz xalqlarının inteqrasiyasına şərait yaradacaq: "Azərbaycanda dövlət xəttilə xaricdə təhsil alan tələbələrin sayı ilbəil artır. Bununla bağlı 2007-2015-ci illəri əhatə edən dövlət proqramı çərçivəsində yüzlərlə tələbə dünyanın nüfuzlu universitetlərində təhsillərini davam etdirirlər. Cari ildə isə 1200 tələbəmiz xaricdə təhsil proqramından yararlanır. Düşünürəm ki, Qafqaz Universitetləri Birliyinin təşkil etdiyi pilot layihələrdən də tələbələr lazımi qədər yararlana biləcəklər".
Qafqaz dövlətlərinin ortaq layihələri çərçivəsində təhsil alan gənclərin ən qiymətli sərvət olduğunu diqqətə çatdıran Nabi Avcı qeyd edib ki, KUB-un pilot layihələrinə 10 ölkədən 60 universitet cəlb olunub: "Gənclərin ölkələrinin tarixi və mədəniyyəti baxımından ortaq bilik əldə etməsi və bölüşməsi ölkələr arasında ortaq gələcəyin formalaşmasına təkan verəcək".
Digər tədbir iştirakçıları da çıxışlarında KUB-un əhəmiyyətindən, onun təşkil etdiyi layihələrin uğurlarından danışıblar.
Tədbir çərçivəsində KUB-a yeni üzv olan universitetlər arasında əməkdaşlığa dair saziş imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB