“Ölümsüz insanlar” pyesi tamaşaya qoyulub FOTO

ADU-da Laçın rayonunun işğalına həsr olunmuş “Ölümsüz insanlar” pyesi tamaşaya qoyulub
“Ölümsüz insanlar” pyesi tamaşaya qoyulub FOTO

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanın mədəniyyət və arxeologiya abidələri ilə zəngin bölgəsi Laçın rayonunun ermənilər tərəfindən işğalına həsr olunmuş "Ölümsüz insanlar" pyesi tamaşaya qoyulub. ADU-dan SİA-ya verilən məlumata görə, tamaşa pyesin müəllifi Mülki Müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə keçirilib. Tamaşa universitetin Pedaqoji və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində təhsil alan tələbələrin ifasında nümayiş olunub. Tədbirdə universitetin Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev və müəllim-tələbə heyəti iştirak edib.

İlk öncə tamaşanın ideya rəhbəri Sədaqət Musayeva çıxışında ADU rektoru Səməd Seyidovun rəhbərlik etdiyi universitetdə tələbələrin yüksək səviyyəli təhsili ilə yanaşı, hər bir tələbənin müxtəlif sahədə qabiliyyətlərini üzə çıxarmaq istiqamətində də geniş imkanlar yaratdığını söyləyib.

S. Musayeva bunun nəticəsi olaraq, tələbələrlə müəllimlərin birgə əməyinin sonunda təqdirəlayiq nəticələr əldə edildiyini xatırladıb.

Tamaşada Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Azərbaycanlıların məruz qaldığı qırğınlar, dinc əhaliyə qarşı törədilən vəhşiliklər, Azərbaycan gənclərinin qeyri-bərabər döyüş şəraitində düşmənə sinə gərmələri, Azərbaycan qadınının ər-igidlərlə vətən uğrunda çiyin-çiyinə vuruşmaqları əks olunub. Sonda tələbələr vətənpərvər ruhda yazılmış "Cənab leytenant" mahnısı ilə tədbirə yekun vurublar.

Qeyd edək ki, Laçın 1992-ci ildə mayın 18-i ermənilər tərəfindən işğal olunub. 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalıb. Bütün var dövlətlərimizi yeraltı və yerüstü sərvətlərimiz talan-qarət edilib, torpaqlarımız hərraca qoyulub, ata-baba qəbirstanlıqlarımız düşmən tapdağı altında qalıb. Rayonun 65507 nəfər əhalisi Respublikanın 59 şəhər və rayonlarına, "Taxta-körpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün düşüb. Erməni işğalından öncə Laçın rayonunda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, cəmaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və s. mövcud olub.

Bütün xəbərlər Facebook səhifəmizdə