Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirinin səlahiyyətlərini icra edən Şarunya Kubiliuteni və Vytautas Magnus Universitetinin rektoru Ziqmas Lidekanı qəbul edib. Komissiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Litva arasında yüksək səviyyəli ikitərəfli əlaqələrin mövcud olduğunu bildirən Məleykə Abbaszadə, təhsil və biliyin qiymətləndirilməsi sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub. Heydər Əliyev Fondu və Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi arasında bağlanmış müqaviləyə əsasən, TQDK tərəfindən kecirilən müsabiqə yolu ilə hər il bu ölkənin tanınmış universitetlərinə Azərbaycandan olan tələbələrin təhsil almaq üçün göndərildiyini xatırladan sədr, bu istiqamətdə münasibətlərin yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Litva Respublikasının Azərbaycandakı səfirinin səlahiyyətlərini icra edən Şarunya Kubiliute iki ölkə arasında elm, təhsil və bir sıra digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətinə diqqət çəkib. Rəsmi qonaq bildirib ki, onlar azərbaycanlı tələbələrin Litvada təhsil almasına maraq göstərirlər. Bu da TQDK xətti ilə seçilən tələbələrin daha bilikli olması ilə izah olunur.
Daha sonra Vytautas Magnus universitetinin rektoru Ziqmas Lideka rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verib və qeyd edib ki, bu universitet Litva Respublikasında təhsil nailiyyətlərinə görə ən yaxşı universitetlərdən hesab olunur. Qonağın sözlərinə görə, Vytautas Magnus Universitetində bir neçə azərbaycanlı tələbə təhsil alır və onlar da öz bilik səviyyələrinə görə digər tələbələrdən müsbət mənada fərqlənirlər.
Görüşdə iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunub, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB