TQDK sədri abituriyentlərin hazırlıq səviyyəsini qiymətləndirdi

TQDK sədri abituriyentlərin hazırlıq səviyyəsini qiymətləndirdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ölkədə keçirilən sınaq imtahanlarına əsasən builki abituriyentlərin hazırlıq səviyyəsini qiymətləndirib. SİA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib ki, adətən sınaq imtahanlarının nəticələri ötən illərin sınaq imtahanlarının nəticələri ilə müqayisə edilir.

Onun sözlərinə görə, bu il ərzində indiyədək aparılmış sınaq imtahanlarının nəticələrinə əsasən, builki imtahan nəticələrinin ötən ilki imtahan nəticələri ilə eyni səviyyədə olduğunu demək olar: "Mən deyə bilmərəm ki, bu il sıçrayış baş verib, hansısa fənn üzrə daha yüksək nəticələr əldə edilib və yaxud abituriyentlər aşağı nəticə göstəriblər. Sınaq imtahanları bundan sonra da keçiriləcək. Həmin imtahanlarda da abituriyentlər iştirak etdikdən sonra builki abituriyentlərin bilik səviyyəsi haqqında ümumi fikir söyləmək olar".

M.Abbaszadə qeyd edib ki, sınaq imtahanında adətən ali məktəblərə qəbul imtahanlarına hazırlaşan abituriyentlər iştirak edirlər: "Sınaq imtahanlarına təsadüfü, öz bəxtini sınamaq istəyən abituriyentlər gəlmirlər. Sınaq imtahanlarına şüurlu şəkildə gələn abituriyentlər, qəbul imtahanlarına ciddi hazırlaşırlar".

TQDK sədri həmçinin qeyd edib ki, sınaq imtahanları ölkənin bütün regionlarında keçirilir və hazırda da davam edir. Onun sözlərinə görə, müəyyən rayonlarda sınaq imtahanlarında iştirak edən abituriyentlərin sayı az olsa da, TQDK tərəfindən həmin yerlərdə də bu imtahanlar keçirilir: "TQDK-nın regional bölmələrinin yerləşdiyi rayonlarda keçirilən sınaq imtahanlarında ətraf rayonlarda yaşayan abituriyentlər də iştirak edə bilərlər. Mən sınaq imtahanlarında iştirak etmək istəyənlərə müraciət edirəm. Çox zaman Bakıda sınaq imtahanı üçün yerlər elan olunan kimi həmin yerlərə abituriyentlər çox qısa zamanda yazılırlar, yerlər isə tez qurtarır. Bəzən görürük ki, regionlardan olan abituriyentlər də Bakıda keçirilən sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçirlər. Ancaq buna zərurət yoxdur. Çünki biz hər bir regionda bu imtahanları keçiririk".

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə