TQDK sədri: "12 illik təhsilə keçid nəzərdə tutulub"

TQDK sədri: "12 illik təhsilə keçid nəzərdə tutulub"

"Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında təhsilin bütün istiqamətləri üzrə inkişaf perspektivləri öz əksini tapıb". SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə TQDK-da keçirilən Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş "Heydər Əliyevin milli qiymətləndirmə sisteminin formalaşmasında və inkişafında rolu" mövzusunda konfransda bildirib. Komissiya sədri qeyd edib ki, təhsildə keyfiyyətin yüksəldilməsi üçün yeni konsepsiyada stimullaşdırıcı mexanizmlərin yaradılması, ölkədə 12 illik təhsilə keçid nəzərdə tutulub: "Bundan irəli gələrək təhsil proqramlarının dəyişilməsi, dərsliklərin müasir tələblər baxımından yüksəldilməsi, tədrisi ləngidən mövcud yaddaş məktəbindən təfəkkür məktəbinə keçid üçün xüsusi işlərin görülməsi yeni konsepsiyada əks olunub. Bunun üçün ölkədə ənənəvi iqtisadiyyatlar, bilik iqtisadiyyatına keçməli və insan kapitalı adekvat olaraq ön plana çəkilməlidir"

M.Abbaszadə həmçinin qeyd edib ki, ölkədə milli qiymətləndirmə sistemi də öz fəaliyyətini İnkişaf Konsepsiyasında öz əksini tapan, həmin vəzifələrin həyata keçirilməsi üzərində quracaq: "Göstərilən bu yeniliklərə, təhsilə cavabdeh olan, müvafiq qurumlarla qarşılıqlı əməkdaşlıq nəticəsində nail olmaq olar. İnanıram ki, artıq 10 ildən sonra ölkədə ümumtəhsil sistemi inkişaf etmiş ölkələrin təhsil sistemi sırasında olacaq və qarşıya qoyulan məqsədlərin bir çoxu əldə ediləcək".

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə