TQDK-da Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş konfrans keçirilib

TQDK-da Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş konfrans keçirilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş "Heydər Əliyevin milli qiymətləndirmə sisteminin formalaşmasında və inkişafında rolu" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbiri açan TQDK-nın sədr müavini Namiq Babayev bildirib ki, bu gün ölkənin hər yerində Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi qeyd olunur. O, qeyd edib ki, Heydər Əliyev bütün sahələrin olduğu kimi, testin tətbiqi və milli qiymətləndirmə sisteminin mahir bilicisi idi. Sonra "Heydər Əliyev və milli qiymətləndirmə sistemimiz" adlı videoçarx nümayiş olunub.

TQDK sədri Məleykə Abbaszadə isə konfransda "Heydər Əliyevin milli qiymətləndirmə sisteminin formalaşmasında və inkişafında rolu" mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, Ümummilli lider Heydər Əliyev XX əsrin ən güclü liderlərindən biri olub: "1992-ci ildə ölkədə test sisteminin tətbiqindən sonra tez-tez qərəzli fikirlər səsləndirir, gözdən salmağa çalışır, iftira, təhqir kimi üsulları istifadə edirdilər. Belə bir şəraitdə Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə təhsil sisteminə böyük dəstək verib. Məhz Heydər Əliyevin təhsilə göstərdiyi diqqət nəticəsində Azərbaycanda test üsuluna əsaslanan imtahan sisteminin qorunub saxlanması, mükəmməl elmi əsaslara və müasir texnologiyalara əsaslanan milli qiymətləndirmə sisteminin formalaşması mümkün olub. Hazırda Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə layiqincə davam etdirən Prezident İlham Əliyev də ölkədə təhsilin inkişafına, tələbə qəbulu işinə, mütəxəssis hazırlığına mühüm strateji əhəmiyyətli bir istiqamət kimi yanaşır, bu sahəyə diqqət və qayğısını əsirgəmir".

Tarixə nəzər salan M.Abbaszadə qeyd edib ki, 70-ci illərdə Azərbaycandan Moskvaya təhsil almağa göndərilən 4 tələbədən biri də özü olub. Sonrakı illərdə belə tələbələrin sayının artdığı deyən TQDK sədrinin sözlərinə görə, artıq 80-ci illərin əvvəllərində Ulu öndər Heydər Əliyevin dəstəyi ilə 1400 nəfər tələbə və 100-lərlə aspirant və doktorantlar MDB ölkələrində təhsil alırdı. Beləliklə gələcək üçün Azərbaycana yararlı olacaq güclü kadr ordusu yetişirdi.

Tədbirin davamında "Heydər Əliyev və milli qiymətləndirmə sistemimiz" adlı kitabın və Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə buraxılmış "Tarix" fənni üzrə dərs vəsaitinin təqdimatı olub, müxtəlif məruzələr dinlənilib.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə