ADU və Qlazqo Universiteti arasında müqavilə imzalandı

ADU və Qlazqo Universiteti arasında müqavilə imzalandı

Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyaya səfəri çərçivəsində Qlazqo Universitetində olub. Rektor, professor Səməd Seyidov səfər zamanı Qlazqo Universitetinin rektoru, professor Anton Musqatelli, Qlazqo Universitetinin prorektoru, professor Andrea Nolan, Qəbul Departamenitinin rəhbəri, Sosial elmlər fakültəsi, Təhsil fakültəsinin rəhbərləri ilə və Xarici əlaqələr departamentinin rəhbəri ilə görüşlər keçirib, əməkdaşlığın mümkün sahələri haqqında fikir mübadiləsi aparılıb. ADU-dan SİA-ya verilən məlumata görə, görüş zamanı ADU və Qlazqo Universiteti arasında magistratura pilləsində tələbə mübadiləsi haqqında müqavilə imzalandı. Sənədi Qlazqo Universitetinin rektoru, professor Anton Musqatelli və ADU - nun rektoru, professor Səməd Seyidov imzaladılar. Müqaviləyə əsasən, universitetlərarasi ikitərəfli əməkdaşlıq çərçivəsində ADU-nun tələbələri təhsillərini bu universitetdə davam etdirmək fürsəti qazanırlar. Bundan başqa, əməkdaşlığa həm də elmi və universitet əməkdaşlarının qarşılıqlı mübadiləsi, birgə konfransların təşkili, kitab və jurnal nəşrləri daxildir.

Sonra ADU-nun rektoru Səməd Seyidovun Qlazqo Universitetinin tələbələri ilə görüşü oldu. Azərbaycanın regionda hər sahədə lider ölkə olduğunu bildirən ADU-nun rektoru, respublikamızda və bölgədə baş verən proseslərin Britaniya təhsil cəmiyyətinə çatdırılmasında, eyni zamanda, bu ölkənin tarixinin, mədəniyyətinin öyrənilməsi və təhsil təcrübələrindən istifadə edilməsində bu əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırdı.

Qeyd edək ki, bununla yanaşı, Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın İpsviç şəhərində yerləşən Suffolk Universitetində, həmçinin Esseks Universitetində görüşlər keçiriblər. Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanovun iştirakı ilə ADU-nun rektoru Səməd Seyidov və Suffolk Universitet Şəhərciyinin rektoru, professor Mayk Saks iki universitet arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.

Həmçinin nümayəndə heyətinin rəhbəri, rektor Səməd Seyidov Esseks Universiteti və Azərbaycan Dillər Universiteti arasında olan 2+2 layihəsinin gedişi haqda müzakirələr aparıb.

Xatırladaq ki, ADU ilə Esseks Universiteti arasında müqaviləyə əsasən ADU - nun Pedaqoji fakültəsinin tələbələri iki illik bakalavr təhsilinin qalan iki ilini sözügedən universitetdə davam etdirə bilərlər. Razılaşmaya görə, təhsilini bitirən tələbələrə həm ADU-nun, həm də Böyük Britaniya universitetinin ikili diplomları verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə