“Xarici dillərin tədrisinin aktual problemləri” öz işinə başladı

“Xarici dillərin tədrisinin aktual problemləri” öz işinə başladı

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş "Xarici dillərin tədrisinin aktual problemləri" mövzusunda iki gün davam edəcək beynəlxalq elmi praktik konfrans öz işinə başlayıb. SİA-nın məlumatına görə, konfransda yerli mütəxəssislərlə yanaşı, Böyük Britaniyanın, Cənubi Koreyanın, Türkiyənin, Rusiyanın, ABŞ-ın və digər mütəxəssislər iştirak ediblər. Konfransın plenar iclasında ADU-nun rektoru, millət vəkili Səməd Seyidov bildirib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilib. Onun sözlərinə görə, Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan ilk addımlarını ataraq bilik, intellekt və təhsil təcrübəsini öyrənmək üçün dünya sivilaziyasına, Asiya ölkələrinə üz tutub: "Bu prosesin həyata keçirilməsi üçün güclü siyasi iradə lazım idi. Bu çətinliyin öhtəsindən isə məhz Ümummili Lider Heydər Əliyev gəldi".

Konfransda çıxış edən qonaqlar da Ulu Öndər Heydər Əliyevin təhsilə göstərdiyi qayğını yüksək qiymətləndiriblər. Bildirilib ki, bu diqqətin nəticəsidir ki, ADU-nin bir çox tələbələri bu gün xarici ölkələrdə, tanınmış universitetlərdə təhsil alırlar.

Daha sonra plenar iclasda əcnəbi mütəxəsislər məruzə ilə çıxış ediblər. ADU-nun Elmi İşlər üzrə prorektoru, professor Dünyamin Yunusov konfransın gedişi haqqında məlumat verib.

Qeyd edək ki, beynəlxalq konfrans "Formal və qeyri-formal təhsildə xarici dil təliminin müasir problemləri", "Xarici dil təlimində İKT: üstünlüklər və çətinliklər" və "Xarici dil təlimində innovativ metod və tələbələrin qabiliyyətlərinin qiymətləndirilməsi" mövzularından bəhs edən bölmələrdən ibarətdir. Konfransda 160-a yaxın məruzə dinləniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə