Təhsil naziri: "Bütün məzunlara attestat veriləcək"

Təhsil naziri: "Bütün məzunlara attestat veriləcək"

"Təhsil Nazirliyi bütün məzunlara attestatın verilməsinin tərəfdarıdır". SİA-nın verdiyi xəbərə görə, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün keçirilən "Heydər Əliyev-90" inşa müsabiqəsinin mükafatlandırma mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda dünya standartlarına əsasən 11-ci sinfi bitirən və illik qiyməti qeyri-kafi olan şagirdlər ümumtəhsil məktəblərində buraxılış imtahanlarına buraxılmırlar: "Eyni zamanda imtahana buraxılan şagirdlər, hər hansı hansı fənndən iki qiymət aldığı təqdirdə attestat almaqdan və orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd vermək hüququndan məhrum olurlar. Statistikaya əsasən 2009-cu dərs ilində şagirdlərin ümumi sayının 22 faizi, 2011-ci ildə 24 faizi, 2011-2012-ci illərdə isə 10.5 faizi attestat almayıb".

Dərs ilinin yekununda iki qiymət alan şagirdlərə, attestatın verilməməsi sui-istifadə hallarına yol açan amillərdəndir deyən təhsil naziri qeyd edib ki, attestat məzunun biliyinin göstəricisidir: "Təhsil haqqında qanun attestatın verilməməsinin yekun qiymətlərin qeyri-kafi nəticələrlə bağlı olmadığını göstərir. Attestat olsa belə, qanunverciliyə əsasən orta məktəb məzununun tələbə olması, ali təhsil mərkəzlərində keçirilən qəbul imtahanlarının keçidlərindən asılıdır".

Nazir əlavə edib ki, qeyd olunan məsələnin böyük ictimai əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, nazirlik tam orta məktəb təhsil səviyyəsini bitirən bütün məzunlara, attestatın verilməsinin tərəfdarıdır.

Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə