Azərbaycan Tibb Universitetində simpozium keçirilib

Azərbaycan Tibb Universitetində simpozium keçirilib

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında "Xəstəxanadaxili infeksiyalar, antibiotiklərə rezistentlik, dezinfeksiya, antiseptika və sterilizasiya problemləri" mövzusunda simpozium öz işinə başlayıb. SİA-nın xəbərinə görə, ATU-nun, Azərbaycan Tibbi Mikrobioloqlar və İmmunoloqlar İctimai Birliyi və Türkiyə Cümhuriyyətinin DAS (dezinfeksiya, antiseptika, sterilizasiya) dərnəyinin birlikdə təşkil etdiyi simpozium Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.

ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov həm Azərbaycanda, həm də dünyanın bir çox ölkələrində Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinin qeyd olunduğunu bildirib. Onun sözlərinə görə, dahi şəxsiyyət Heydər Əliyevin səhiyyəyə, tibb təhsili sahəsinə göstərdiyi qayğı və diqqət bu gün də özünü biruzə verir: "Azərbaycanın tibb sahəsində olan uğurları Ümummilli Liderin adı, siyasəti ilə bağlıdır. Bu gün bu siyasət Ulu Öndərin layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Sonra Qafqaz Universitetinin rektoru Əhmət Sanıç çıxışında qeyd edib ki, fenomen şəxsiyyət Heydər Əliyev ölkə səhiyyəsinin inkişafına, tibb kadrlarının hazırlanmasına xüsusi qayğı və diqqət göstərib: "Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə 100-lərlə azərbaycanlı tələbə tibb təhsili almaq üçün Türkiyəyə və dünyanın başqa xarici ölkələrinə göndərilib. Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 1000-lərlə gənc Türkiyə də daxil olmaqla, digər dünya ölkələrdə təhsilini davam etdirir. Bu da ölkə səhiyyəsinin inkişafı, lazımlı kadrların hazırlanmasına mühüm imkanlar yaradır".

Tədbirdə Türkiyənin DAS dərnəyinin sədri Murat Günaydın və digər qonaqlar mövzu ətrafında məruzələr təqdim edib.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə