May ayının 2-də rayonun Şağlazüzə kəndində 220 şagird yerlik, ikimərtəbəli yeni məktəb binası istifadəyə verilib. SİA-nın cənub bürosunun verdiyi məlumata görə, məktəbin pedaqoji və şagird kollektivi, valideynlər, kənd ictimaiyyətinin nümayəndələri, rayon təhsil şöbəsinin əməkdaşları və məktəbin tikintisində iştirak edən inşaatçıların açılış mərasiminə qatılıblar .
Yeni məktəb binasının açılışına həsr olunmuş tədbiri rayon Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova açaraq bildirib ki, son illər rayonda təhsilin inkişafında xüsusi diqqət verilir. O, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən genişmiqyaslı işlərə görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə pedaqoji ictimaiyyət adından dərin minnətdarlığını bildirib.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək yeni məktəbin açılışı münasibətilə sakinləri təbrik edib. İcra başçısı müstəqil Azərbaycan Respublikasında təhsilə və onun inkişafına diqqətin hələ ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə qoyulduğunu, Ulu öndərin siyasətini uğurla davam etdirən cənab İlham Əliyev tərəfindən də ölkəmizdə təhsilin inkişafı üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb. İcra başçısı əlavə edib ki, hazırda rayonda daha 9 məktəbin tikintisi davam etdirilir. Bütün bunlar rayonda təhsilin daha yüksək keyfiyyətlə inkişaf etdirilməsi üçün əlverişli zəmin yaradıb. Yeni, müasir tələblərə cavab verən, informasiya və kommunikasiya vasitələri ilə təmin edilən təhsil müəssisələrində pedaqoji kollektivlərimiz var qüvvələrini sərf etməli, parlaq gələcəyimiz üçün vacib olan təhsilin inkişafına nail olmalıdırlar. Məktəblilər ulu öndər Heydər Əliyevə və ölkə başçısı İlham Əliyevə həsr olunmuş şeirlər söylədilər.
Yeni istifadəyə verilən Şağlazüzə kənd tam orta məktəbinin direktoru Əhmədşah Quliyev, valideyn Məryəm Fətəliyeva çıxış edərək kənddə təhsilin inkişafı üçün yaradılmış yüksək şərait barədə razılıqlarını bildiriblər.
Sonra rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev Şağlazüzə kənd tam orta məktəbi üçün tikilmiş yeni binanın açılış lentini kəsib.
Mərasim iştirakçıları yeni məktəb binasının kompüter otağı, sinif otaqları, fənn kabinetləri, idman zalı və kitabxanasında şagird və müəllimlər üçün yaradılmış şəraitlə tanış olublar.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB