Tələbə Qəbulu Dövlət Komissiyası tərəfindən növbəti monitorinq imtahanları keçiriləcək. Komissiyadan SİA-ya verilən məlumata görə, imtahanlar 6, 7 və 8 may tarixlərində Bərdə, Ucar, Göyçay, Ağdaş, Şirvan, Kürdəmir, Biləsuvar, Masallı, Neftçala, Salyan, Lənkəran, Quba və Şabran rayonlarında ümumi təhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında baş tutacaq. Monitorinq imtahanı XI siniflər üzrə 119 orta ümumtəhsil müəssisəsində, V siniflər üzrə isə 182 orta ümumtəhsil müəssisəsində keçiriləcək.
XI siniflərin imtahanı saat 10:00-da, V siniflərin imtahanı isə saat 12:00-da başlanacaq. İmtahanlarda 4386 nəfər XI sinif şagirdinin, 5935 nəfər V sinif şagirdinin iştirak etməsi nəzərdə tutulur.
Ümumi təhsil müəssisələrinin XI sinif şagirdləri mayın 6-da Azərbaycan dilindən, mayın 7-də riyaziyyatdan, mayın 8-də isə fizika fənnindən imtahan verəcəklər. Azərbaycan bölməsinin V sinif şagirdləri mayın 6-da Azərbaycan dilindən, mayın 7-də isə riyaziyyat fənnindən imtahan verəcəklər. Rus bölməsinin V sinif şagirdləri isə mayın 8-də rus dili fənnindən imtahan verəcəklər.
Qeyd edək ki, TQDK aprelin 29-da, 30-da və mayın 1-də Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən Gəncə, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Mingəçevir, Şəki, Qax, Balakən, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında ümumi təhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında monitorinq imtahanları keçirib. İmtahan bütün binalarda təlimata uyğun keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB