IV Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb

IV Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb

Bu gün Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar və İctimai elmlər bölməsi və BSU-nun təşkilatçılığı ilə Ümummili Lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda IV Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb. SİA-nın məlumatına görə, konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli mütəfəkkir və uğurlu siyasətçi Heydər Əliyevin şəxsiyyət və zaman baxımından Azərbaycanın böyük bir tarixi olduğunu deyib. O bildirib ki, azərbaycançılığın banisi olan Ulu Öndər həm elmi, həm də praktiki irs kimi yaddaşlara həkk olunub: "Ümummili Lider Heydər Əliyev azərbaycançılıq məfkurəsinin yaranmasında, bu irsin daha da dərinləşməsində müstəsna xidmətlərə sahibdir. Azərbaycanın həm iqtisadi, həm siyasi uğurları məhz dahi şəxsiyyət Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətinin nəticəsidir. Ümumilikdə isə Heydər Əliyevin irsi Azərbaycan xalqının ən dəyərli sərvətidir".

Akif Əlizadə Ulu Öndər Heydər Əliyevin əldə etdiyi nailiyyətlər barəsində danışıb və bu uğurların prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.

Sonra BSU-nun rektoru, professor Kamal Abdullayev konfransda çıxış edərək Ulu Öndərin təhsil sahəsində yürütdüyü siyasət barəsində məlumat verib. Rektorun sözlərinə görə, Azərbaycan təhsilinin yüksək səviyyəyə çatdırılmasında Ümummilli Liderin müstəsna xidmətləri rol oynayıb.

Qeyd edək ki, üç gün davam edəcək konfransda 220-dən çox yeli və xarici alimin məruzələrinin dinlənilməsi çərçivəsində plenar və bölmə iclaslarının keçirilməsi nəzərdə tutulub. Konfransda AMEA-nın müxtəlif institutlarından, Gəncə, Sumqayıt, Naxçıvan, Lənkəran, Mingəçevir və Şamaxıdan nümayəndələr, eləcə də 14 ölkədən, o cümlədən Rusiya, ABŞ, Türkiyə, Belorusiya, Avstriya, Litva, Yunanıstan, Polşa, Ukrayna, Çexiya, Gürcüstan, Misir, Qazaxıstan, Bolqariyadan 40 nəfərlik qrup iştirak edir. Konfrans çərçivəsində "Heydər Əliyev, Mixail Qorbaçov və Dağlıq Qarabağ münaqişəsi", "Təhsildə ideologiya gərəkdirmi?" mövzularında məruzələr dinləniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə