ADU-nun nümayəndə heyəti Böyük Britaniyada FOTO

ADU-nun nümayəndə heyəti Böyük Britaniyada FOTO

ADU-nun rektoru, professor Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın Esseks Universitetində görüşlərə başlayıb. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Albert Solman kitabxanası ilə tanışlıqdan sonra Universitetin Beynəlxalq Akademiyasının rəhbəri, professor Riçard Barnard və Beynəlxalq Akademiyanın Müəllim Hazırlığı proqramının və magistratura şöbəsinin rəhbəri, professor Nilufer Demirkan-Jons, Bakalavr təhsili şöbəsinin direktoru Mayk Cons və baş müəllim Culian Qud ilə Esseks Universiteti və Azərbaycan Dillər Universiteti arasında olan 2+2 layihəsinin gedişi haqda müzakirələr aparılıb.

Esseks Universitetinin Tələbə Qeydiyyatı Departamentinin rəhbəri Stefen McAuliffe Esseks Universitetində tələbə qeydiyyatının, tələbələrin göstərdikləri nəticələrin qeydiyyata alınması, imtahan və testlərin təşkili qaydaları və təcrübəsi haqda geniş məlumat verib.

Esseks Universitetinin Akademik standartlar üzrə Prorektoru, professor Jeyn Rayt 12 min tələbəsi olan Esseks Universitetinin Böyük Britaniya universitetləri sırasında 9-cu yeri tutduğunu bildirib və ADU ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiklərini deyiblər. Rektor Səməd Seyidov ADU-nun Azərbaycan universitetləri içərisində Bolonya prosesinin icrasında aparıcı rolundan məlumat verərək universitetin genişlənən əlaqələri, o cümlədən Britaniya, Norveç, İtaliya, Fransa və digər Avropa universitetləri ilə əlaqələri haqqında geniş məlumat verib. Esseks Universitetinin tələbələrinin təxminən 30 faizinin xarici tələbələr olduğunu bildirən Beynəlxalq Əlaqələr üzrə dekan, professor Martin Henson Azərbaycandan olan tələbələrin sayının artmasında maraqlı olduqlarını bildirib.

Rektor Səməd Seyidov Esseks Universitetinin yeni təyin edilmiş rektoru, professor Antoni Forster ilə görüşüb. Görüş zamanı iki universitet arasında münasibətlər, gələcək əməkdaşlıqla bağlı müzakirələr olunub, təhsilin bakalavr, magistr və doktorantura pillələrində əlaqələrin genişləndirilməsi haqda fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə