Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin Avstriya Mərkəzinin təşkilatçılığı ilə alman dili müəllimlərinin "Didaktikada və dilçilikdə müasir metodikalar" mövzusunda iki günlük seminar öz işinə başlayıb. ADU-dan SİA-ya verilən məlumata görə, seminarın açılışında Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer-Kaybiç, Avstriya Respublikasının Təhsil nazirliyinin Alman dili xarici dil kimi idarəsinin rəisi Norbert Habelt, ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev və müəllimlər iştirak edirdi.
Çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnun olduğunu bildirdi. Prorektor Avstriya universitetləri ilə ADU arasında mövcud olan əməkdaşlıq əlaqələrindən danışdı. Ələddin Əliyev seminarın işinə uğurlar arzuladı.
Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer –Kaybiç isə çıxışında ADU ilə qurulan səmimi münasibətlərdən söz açdı. Diplomat ADU ilə birgə işləməkdən zövq aldıqlarını bildirdi. S. Mayer-Kaybiç tədbirin ölkələr arasında mədəni sahədə mövcud münasibətlərin daha da dərinləşməsinə tövhə verəcəyini vurğuladı.
Avstriya Respublikasının Təhsil Nazirliyinin Alman dili xarici dil kimi idarəsinin rəisi Norbert Habelt çıxış edərək Azərbaycanda ilk dəfə olduğunu bildirdi və bu səfərdən məmnunluğunu ifadə etdi. Norbert Habelt Avstriya universitetləri ilə ADU arasında mövcud əlaqələrin daha da dərinləşməsinin vacibliyini vurğuladı. İdarə rəisi seminarda iştirak edən müəllimlərə uğurlar arzuladı.
Seminar Avstriyalı professorlar Valter Talhamer, Vera Ahamer və Martin Valz və Norbert Habelt tərəfindən keçirilir. Avstriyalı professorlar 2 günlük seminar müddətində 30 nəfər alman dili müəlliminə "Avstriya-Quiz" Tədris materiallarını, "Avstriya rəssamlıq tərzində", "Alman dili dərsində yaradıcı yazı", "Plurisentika-Avstriya almancası" mövzularından bəhs edəcəklər.
Xatırladaq ki, ADU-da Avstriya Mərkəzi 2010-cu ilin iyun ayından fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB