16-17 aprel 2013-cü il tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində VI İKT Sammiti keçirilib. İKT İnformasiya Mərkəzindən SİA-ya verilən məlumata görə, tədbir Moldova Respublikasının İnformasiya və komunikasiya texnologiyaları nazirliyi və Təhsil nazirliyi tərəfindən təşkil olunub. Sammitdə dövlət orqanları nümayəndələri, 20-dən çox ölkəni təmsil edən beynəlxalq təşkilatlar, təhsil sahəsindəki mütəxəssislər, proqramlaşdırma və kompüter texnologiyaları ixtisası üzrə təhsil alan tələbələr, eləcə də, bu sahə üzrə elmi işçilər İKT sahəsində mövcud innovativ yanaşmaları, informasiya texnologiyaları və xidmətləri barədə müzakirə aparmaq üçün bir araya gəliblər. Cəmiyyət üçün İKT, Biznes üçün İKT, Mütəxəssislər üçün İKT, Təhsil üçün İKT və İKT üçün təhsil, İKT sahəsində rəqabət kimi mövzular sammitin müzakirə predmeti olub.
Sammitdə Mədəd Azərbaycan təşkilatının icraçı direktor Vüsal Xanlarov təmsil edərək, "Azərbaycanda XXI əsr elektron təhsil mühiti" mövzusunda təqdimatla çıxış edib. Azərbaycanın təhsildə İKT-nin tətbiqi təcrübəsini əks etdirən təqdimat böyük marağa səbəb olub.
Təqdimatda Azərbaycan Respublikasında XXI əsr təhsilinin aktuallığı, keçdiyi inkişaf yolu, elektron təhsilin qurulması prosesi, Azərbaycan təhsil şəbəkəsinin fəaliyyəti, pedaqoji heyətinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi istiqamətində yerli və beynəlxalq qurumlarla əməkdaşlıqda atılan addımlar öz əksini tapıb. Təqdimatdan sonra, Xanlarov Moldova Təhsil naziri xanım Maia Sandu, İnformasiya və komunikasiya texnologiyaları nazirinin müavini xanım Dona Skola, Microsoft korporasiyasının təhsil proqramları üzrə regional rəhbəri Teodor Milev, İntel korporasiyasının təhsil proqramları üzrə regional rəhbəri Tatyana Nanayeva və ABŞ Beynəlxalq inkişaf agentliyinin maliyyələşdirdiyi proqramların rəhbərləri ilə görüşlər keçirib. Görüşlər zamanı Azərbaycanda İKT-nin təhsildə tətbiqi və Mədəd Azərbaycan təşkilatının pedaqoji kadrların təkmilləşdirilməsi sahəsində təcrübəsi və Moldovada mümkün tətbiqi yolları geniş müzakirə olundu.
Bir çox Şərqi Avropa və MDB ölkələrinin informasiya texnologiyaları nazirlərinin də qatıldığı bu ilki sammitin tərəfdaşları sırasına Intel, Microsoft, Endava, IBM, HP, Fujitsu, Kaspersky, NetApp InfoWatch, Cisco, Hitachi, Elo Digital Office və sairə beynəlxalq şirkətlər daxil olub. Sammitdə həmçinin ölkənin və vətəndaşların informasiya texnologiyaları sahəsində sistemli inkişafını təmin edəcək Rəqəmsal Moldova 2020 strategiyasına start verildi. Qeyd edək ki, Moldovada hər il keçirilən İKT sammiti 1000-dən çox iştirakçı cəlb edir. Növbəti sammitin keçirilməsi 2014-cü ildə planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB