Bu gün Azərbaycan Dillər Unversitetində (ADU) "Əlimərdan bəy Topçubaşov mətbuat xadimi kimi" adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Ə.Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına uyğun olaraq təşkil olub. ADU-nun Filologiya və Jurnalistika fakültəsinin Jurnalistika ixtisasında təhsil alan tələbələrin iştirakı ilə hazırlanan tədbirdə tələbələr ilk öncə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlament sədri, xalqımızın diplomatiya, o cümlədən mətbuat tarixində müstəsna xidmətləri olmuş Əlimərdan bəy Topçubaşov haqqında məlumat veriblər. Əlimərdan bəy Topçubaşovun ictimai-siyasi, həmçinin mətbuat sahəsindəki xidmətlərindən bəhs olunub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan xalqına 29 dekabr 2000-ci il tarixli müraciətində söylədiyi "Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. Bu Cümhuriyyətin yaradılmasında müstəsna xidmətləri olan Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski kimi görkəmli ictimai xadimlərin xatirəsini qədirbilən Azərbaycan xalqı bu gün də böyük ehtiram hissi ilə yad edir" fikirləri səsləndirilib.
Tədbirdə Əlimərdan bəy Topçubaşovun jurnalistlik fəaliyyəti xüsusi vurğulanaraq onun redaktoru olduğu qəzetlər haqda da məlumat verilib. Ə. Topçubaşovun rəhbərliyi ilə çıxan gündəlik ictimai-siyasi, iqtisadi və ədəbi qəzet - "Həyat" qəzetindən, həmçinin "Kaspi" qəzetinin nəşrindən və onların Azərbaycan mətbuatında mühüm rolundan bəhs olunub. Ə. Topçubaşovun Dumada çıxışını, eyni zamanda Paris Sülh konfransında ABŞ prezidenti V. Vilsonla görüşünü tələbələr hazırladıqları qısa səhnəciklərlə təqdim ediblər. Onun Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında, Azərbaycanın müstəqilliyinin qurulmasında xidmətləri qeyd olunub və mətbuat xadimi, jurnalist və redaktor kimi fəaliyyəti bir daha nəzərdən keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə