Daxili Təqaüd müsabiqəsinin II turuna keçid balları müəyyənləşib

Daxili Təqaüd müsabiqəsinin II turuna keçid balları müəyyənləşib

Daxili Təqaüd müsabiqəsinin II turuna keçid balları müəyyən olunub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) SİA-ya verilən məlumata görə, müsabiqənin II turuna vəsiqə qazanan tələbələrin siyahısının müəyyən olunması məqsədilə aprelin 22-də ARDNŞ-nin Baş ofisində Daxili Təqaüd Proqramının Müsahibə Komissiyasının iclası keçirilib. Aparılan müzakirələr, verilən təkliflər nəticəsində ixtisas qrupları üzrə keçid balları müəyyən olunub. Nəticələrə əsasən Daxili Təqaüd Proqramının II mərhələsinə - müsahibələrə 398 nəfər namizəd vəsiqə qazanıb.

Qeyd edək ki, ARDNŞ istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2005-ci ildən başlayaraq Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Təqaüd Proqramını həyata keçirir. Fevralın 18-dən martın 15-dək 2012-2013-cü tədris ili üzrə Daxili Təqaüd Proqramına sənəd qəbulu həyata keçirilib. 4 həftə davam edən elektron qeydiyyat zamanı ARDNŞ təqaüdünü qazanmaq üçün müraciət etmiş 2505 tələbədən 2128 nəfəri müsabiqədə iştirak etmək hüququ qazanıb, onlardan 1904 nəfəri test imtahanına buraxılıb. Aprelin 14-də müsabiqənin I mərhələsi - test imtahanı keçirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılmış imtahanda tələbələrin məntiqi bilikləri yoxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə