Türkiyədə 150 azərbaycanlı tələbəyə təqaüd veriləcək

Türkiyədə 150 azərbaycanlı tələbəyə təqaüd veriləcək

Təhsil naziri Mikayıl Cabbarov Türkiyə Respublikası Hökuməti yanında Xaricdə Yaşayan Türklər, İcmalar və Əqrəba Topluluqları İşi üzrə Komitənin sədri Kamal Yurtnacın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın məlumatına görə, Mikayıl Cabbarov Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı dostluğa əsaslanan münasibətlərə xüsusi önəm verdiyini bildirib. Nazir iki ölkənin təhsil sahəsindəki əlaqələrinin inkişafı üçün geniş potensialın mövcudluğunu nəzərə çatdırıb.

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun ilk öncə təhsil naziri Mikayıl Cabbarova yeni işində uğurlar arzulayıb. Azərbaycanla Türkiyə arasındakı münasibətlərə toxunan səfir təhsil sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.

Rəhbərlik etdiyi qurumun 2010-cu ildən fəaliyyət göstərdiyini deyən Türkiyə Respublikası Hökuməti yanında Xaricdə Yaşayan Türklər, İcmalar və Əqrəba Topluluqları İşi üzrə Komitənin sədri Kamal Yurtnac Azərbaycanla təhsil əlaqələrinin inkişafında maraqlı olduqlarını nəzərə çatdırıb.

Türkiyənin ali təhsil sahəsində əldə etdiyi təcrübənin Azərbaycanla bölüşməsinin zəruriliyini vurğulayan qonaq qarşılıqlı əməkdaşlıqda tələbə mübadiləsinin əhəmiyyətindən bəhs edib. Kamal Yurtnac Türkiyə universitetlərində oxuyan əcnəbi tələbələrin təhsil göstəriciləri ilə yaxından tanış olduqlarını, ayrı-ayrı ölkələrdən olan tələbələrin təhsildəki uğurları əsasında təhlillər apardıqlarını bildirib. Komitə sədri bu il Türkiyə universitetlərində oxumaq istəyən 150 azərbaycanlı tələbə üçün təqaüdlərin ayrılmasının nəzərdə tutulduğunu söyləyib: "Aparılacaq seçimlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanların nəticələrinə və müvafiq mütəxəssislərdən ibarət komissiyanın rəyinə əsasən müəyyənləşdiriləcək. Həmçinin azərbaycanlı tələbələrə Türkiyənin nüfuzlu universitetlərində təhsil almaq və müvafiq ixtisaslar üzrə seçim etmək imkanı yaradılacaq".

Azərbaycanda təhsilin, insan kapitalının inkişafının dövlət siyasətinin prioritetlərindən biri olduğunu diqqətə çatdıran Mikayıl Cabbarov bu baxımdan azərbaycanlı tələbələrin Türkiyə universitetlərində ölkəmiz üçün prioritet olan ixtisaslar üzrə oxumasının səmərəli əməkdaşlığa əsaslanan münasibətlərə yeni töhfələr verəcəyinə əminliyini ifadə edib.

Daha sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında təhsil əlaqələrinin müasir tələblər səviyyəsində inkişafı ilə bağlı müvafiq təkliflər səsləndirilıb.

Qeyd edək ki, görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə attaşesi Nəcibə Nəsibova da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə