Azərbaycan Dillər Universitetində (ADU) universitetin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Hindistanşünaslıq ixtisasında təhsil alan tələbələri tərəfindən yaradılan Gənc Hindistanşünaslar Assosiasiyasının təqdimatı keçirilib. AUD-dan SİA-ya verilən məlumata görə, təqdimatda universitetin tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov, elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov, Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vinod Kumar, eləcə də Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələri iştirak edirib.Hər iki dövlət himninin səslənməsi ilə başlayan təqdimat mərasimində Azərbaycan və Hindistan arasında olan əlaqələrin tarixinə nəzər salınıb. Bildirilib ki, Azərbaycan və Hindistanda diplomatik nümayəndəliklərin fəaliyyətə başlamasından sonra ölkələr arasında qarşılıqlı əməkdaşlıq daha da dərinləşib. Bu ilin fevralında təsis olunan Gənc Hindistanşünaslar Assosiasiyasının yaradılmasının əsas məqsədləri təqdimat iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd olunub ki, qurum Hindistan və Azərbaycan arasında elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırması, hind mədəniyyətinin Azərbaycanda təbliği ilə yanaşı Azərbaycan mədəniyyətinin Hindistanda təbliğ olunması, universitetdə tədbirlərin, layihələrin , seminarların, kursların keçirilməsi, Hindistan universitetləri ilə ADU arasında sıx əlaqələrin yaradılması və tələbələrin mübadiləsi və hind dilinin Azərbaycanda təbliği kimi məsələlər əsas məqsədlər sırasındadır.
Ölkələr arasında əlaqələrin çox vacib olduğunu bildirən ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov iki ölkə arasında təhsil və mədəniyyət sahəsində, eyni zamanda digər sahələrdə də əməkdaşlığın mövcudluğunu və bunun çox vacib olduğunu qeyd edib. Prorektor ADU-da Hind dili mərkəzinin fəaliyyətindən, universitetlə səfirlik arasındakı əlaqələrdən söz açıb. N. Yusifov assosiasiyanın yaradılmasının təqdirəlayiq olduğunu qeyd edib və bu qurumun hər iki ölkə gəncləri arasında dostluq münasibətlərinin qurulmasında əminliyini ifadə edib. Prorektor ADU-nun bir qrup tələbəsinin bu ilin mart ayında Hindistanda səfərdə olduğunu da sözlərinə əlavə edib. O, Gənc Hindistanşünaslar Assosiasiyasına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vinod Kumar isə çıxışında ADU ilə əməkdaşlıqdan və universitetdə hindi dilinin tədris olunmasından məmnun olduğunu dilə gətirib. V. Kumar tələbələrin bu təşəbbüsünü yüksək qiymətləndirib. Səfirlik tərəfindən onlara lazımi dəstək veriləcəyini qeyd edən diplomat tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbir universitet tələbələrinin Azərbaycan və hind mahnı və rəqslərinin nümayişi ilə başa çatıb.
Xatırladaq ki, ADU-da Hind dili Mərkəzi 2010-cu ilin oktyabrından fəaliyyət göstərir. Elə həmin ildən Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Hindistanşünaslıq ixtisası açılıb. Hazırda Hindistanşünaslıq ixtisasında 26 tələbə təhsil alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB