Abituriyentlərin nəzərinə!

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün elektron ərizələrin qəbulu davam edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən məlumata görə, 18 aprel saat 10:00 olan məlumata görə abituriyentlər tərəfindən 19.000 "Abituriyentin elektron ərizəsi" forması açılmış və 13 000-i təsdiq olunub, 6 000 isə təsdiq olunmayıb.

Təsdiq olunan ərizələrin 11 500-ü abituriyentlərin özləri tərəfindən, 1500-ü isə SQK-lar tərəfindən təsdiq edilib.

Qeyd edək ki, bu proses mayın 17-dək aparılır. Göstərilən tarixə qədər abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını doldurub təsdiq etməlidilər. Ərizələrini təsdiq etməyən abituriyentlərin qəbul imtahanlarına buraxılması təmin olunmayacaq.

Rus bölməsinə sənəd verən abituriyentlər üçün "Azərbaycan dili" fənnindən imtahan iki dəfə – 2013-cü il mayın 19-da Bakı şəhərində və digər bölgə mərkəzlərində, iyunun 23-də isə yalnız Bakı və Naxçıvan şəhərlərində keçirilir. Mayın 19-da keçirilən imtahanda iştirak etmək istəyənlər ərizələrinin mayın 8-dən gec olmayaraq təsdiqini təmin etməlidirlər. Bu imtahanda iştirak edə bilməyən və yaxud "qeyri-məqbul" alan abituriyentlər ikinci imtahanda iştirak edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə